Fransanın “Le Monde” qəzetində Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə dərc olunub.
QİA.az xəbər verir ki, məqalədə 2023-cu ilin sentyabrında Azərbaycan Ordusu ildırım sürətli hərbi əməliyyatla Qarabağa nəzarəti bütünlüklə ələ aldıqdan sonra mandatı 2025-ci ildə bitəcək Rusiya sülhməramlılarının da buradan çıxarılmasının gündəmə gəldiyi bildirilir.
Qeyd edilir ki, 2020-ci ilin noyabr sazişi imzalandıqdan sonra təqribən 2000 nəfərlik Rusiya sülhməramlı kontingentinin burada qalmasına heç bir əsas yox idi.“Prezident İlham Əliyev Qələbədən sonra regionda getdikcə daha vacib aktora çevrilib. Ukrayna müharibəsi ona diplomatik və iqtisadi planda daha böyük təsir imkanı qazanmağa şərait yaradıb. Azərbaycan bu gün təkcə Rusiyanın deyil, həm də qazla təchiz etdiyi Qərbin çox vacib tərəfdaşıdır”, – deyə məqalədə vurğulanıb.
Qəzet yazır ki, Rusiyadan asılılığı azaltmaq üçün Avropa İttifaqı 2022-ci ilin iyulunda Bakı ilə yeni qaz sazişi imzalayıb. Sazişə görə, Azərbaycan 2027-ci ilədək Avropaya satacağı qazın həcmini ikiqat artırmalıdır.Məqalədə bir etiraf da diqqəti çəkir.
Bildirilir ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Qarabağda erməni mədəniyyətinin izlərinin silinməsinə görə cəzalandırılmasını istəyir. Ancaq qəzet Azərbaycanın Fransadakı səfirliyinəistinadla yazır ki, ölkə qanunvericiliyi respublika ərazisindəki, o cümlədən Qarabağdakı bütün dini və mədəni irsi heç bir diskriminasiyaya yol vermədən qoruyur.