Lerikdə Vətən Müharibəsi şəhidi Ruhid İslamlının adına bulaq istifadəyə verilib.
“QİA.az” xəbər verir ki, bulağın açılışında şəhid ailələrinin üzvləri ilə yanaşı, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə qeyd olunub ki, Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. Hələ orta məktəb illərində öz yaşıdları arasında zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası isə vətənpərvərliyi ilə seçilib. Bir sıra idman növləri ilə – cüdo, tekvando, güləş, qaydasız döyüş, üzgüçülük və s. məşğul olub. O, həmçinin viktorinalarda , fənn olimpiadalarında, hərbi yarışlarda iştirak edərək, müxtəlif dərəcələr alıb. 2016-cı ildə Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil alan Ruhid 2-ci kursdan universitetdə YAP Gənclər Təşkilatının sədri kimi fəaliyyətə başlayıb.Ruhid 2020-ci ildə ali təhsilini başa vuraraq həmin ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb. Elə hərbi hissədə də bu həyat dolu gənc hər kəsin rəğbətini qazanıb. Gənc bir psixoloq kimi ehtiyacı olanlara yardımını əsirgəməyib. Ruhid İslamlı 44 günlük müharibənin birinci günündə ərizə yazaraq, ön cəbhəyə təyinat alıb. Xüsusi rabitəçi olan Ruhid kəşfiyyat əməliyyatlarına qatılmaqla yanaşı, açıq döyüşlərdə fərqlənib.
Ruhid İslamlı Talış kəndinin azad edilməsindən Murov zirvəsində gedən döyüşlərdə özünün əzmi ilə fərqlənib. O, 6 oktyabr 2020-ci ildə Goranboyun Gülüstan kəndi yaxınlığında, güclü strateji əhəmiyyətə və yülsəkliyə malik Çənlibel postunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
R.İslamlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilib.
Allah rəhmət eləsin!