56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevil Mikayılova Xaçmazda olub.
“QİA.AZ” xəbər verir ki, öncə Xaçmaz KOB İnkişaf Mərkəzinin rəhbərliyi ilə görüşən millət vəkili rayon sakinləri arasında kiçik və orta biznesin təşviqi, xüsusən, şəhid və qazi ailələrinə bu istiqamətdə lazımı dəstəyin göstərilməsi üçün fikir mübadiləsi aparıb.
Məhsuldar keçən görüşdə bəzi problemlərin həlli istiqamətində görüləcək işlər və qadın sahibkarlığının inkişafı istiqamətində konkret tədbirlər, eləcə də koronavirus pandemiyası ilə mübarizədə vaksinasiyanın əhəmiyyəti müzakirə olunub.
Daha sonra S.Mikayılova Maqsudkənd, Susayqışlaq və Qusarçayda seçicilərini qəbul edib. Kənd sakinləri yararsız yollar, qaz və elektrik enerjisi təchizatı ilə bağlı problemləri, yeni məktəb və uşaq bağçası tikintisi, eləcə də digər şəxsi məişət xarakterli müraciətlərini səsləndiriblər. Bəzi məsələlər yerindəcə həll edilib, həlli zaman tələb edən digər müraciətləri isə S.Mikayılova nəzarətə götürdüyünü, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılacağını bildirib.
Görüşdə iştirak edən seçicilər daim onların problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkilinə təşəkkürlərini ifadə ediblər.
Millət vəkili, həmçinin rayonda şəhidlərin məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri qoyub. Vətən müharibəsi şəhidləri və qazi ailələri ilə də görüşən millət vəkili onların problemlərinin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqətində olduğunu bildirib.
Şəhidlərin valideynləri, doğmaları daim dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.