Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılıb.
QİA.AZ xəbər verir ki, bu barədə vəkil Aqil Layic məlumat yayıb.
Onun sözlərinə görə, 15 təqsirləndirilən şəxs – Nağıyev Ramid Zəkrulla oğlu, Mirzəyev Gündüz Vaqif oğlu, Əliyev İlkin Pirəli oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Mövlayev Dəyanət Kərəm oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Məmişov Taleh Seyidxan oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Cabbarov Elnur Yusif oğlu, Abadov Fərid Mətləb oğlu, Vahabov Müşviq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu və Çobanov Pərvin Nadir oğlunun həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib.
Qeyd edək ki, ötən ay təqsirləndirilən şəxslərdən 21 nəfəri barədə də ev dustaqlığı qərarı verilmişdi. Azadlığa buraxılanlar sırasında AXCP funksionerləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim və digərləri də vardı.
Təqsirləndirlən şəxslərə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilməsi, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olunması, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq edilməsi ilə bağlı ittiham verilib. Cinayət işi Səbail Rayon Məhkəməsində hakim Ağamalı Qafarovun icraatındadır.