Millimizin baş məşqçisi: “Bu cür səhvləri bağışlamırlar”

Noy13,2020
Millimizin baş məşqçisi: "Bu cür səhvləri bağışlamırlar"

“Müəyyən səbəblərdən üç oyunçumuzun xidmətindən istifadə edə bilmədik. Təbii ki, bu amil oyunun keyfiyyətiinə mənfi mənada öz təsirini göstərirdi. Oyunun gedişində yorğun olan futbolçuları əvəz etmək işimizi çətinləşdirirdi. Heyətdə ilk dəfə oynayan gənc oyunçularımız vardı”.

“QİA.AZ”ın məlumatına görə, bunları 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç səfərdə İsveçrəyə 1:2 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra affa.az-a açıqlamasında deyib.

Serbiyalı mütəxəssis meydanın mərkəzində topa nəzarət edib rəqibin oyun qurmasının qarşısını ala bildiklərini söyləyib: “Hesabda irəli çıxdıqdan sonra əks-hücumlarla təhlükəli epizodlar yaratmağı bacardıq. İkinci hissədə rəqibin daha istəkli olacağını bilirdik. Belə də oldu və fasilədən sonra hesabı bərabərləşdirdilər. Xüsusən, son 10 dəqiqədə futbolçulara daha diqqətli olmalarını tapşırdım”.

Obradoviç ardıcıl iki oyundur son dəqiqədə qol buraxaraq məğlub olmalarına təəssüflənib: “Beynəlxalq səviyyəli oyunlardan bu cür səhvləri bağışlamırlar. Prinsipcə oyundan razı qalsam da, nəticədən narazıyam. Bu gün biz xal itirdik”.

Qeyd edək ki, Azərbaycan yığması 6 komandalı qrupda 10 oyundan 6 xalla 5-ci yeri tutub.

Oxşar Xəbərlər