Naxçıvan ziyalıları mübarizənin önündə dayanırdılar- Əli Səbri

Avq24,2021

 Masa üzərinə qoyulmuş qırmızı üzlü kitab və bir neçə fotoşəkil   diqqətimi cəlb etdi. Kitabın üzərində Əli Səbri, aşağı hissədə isə “Povest və hekayələr” yazılmışdı. Kitabı əlimə götürüb ilk səhifələrindən oxumağa başladım. Hekayə o qədər sadə və aydın fikirlərlə yazılmışdıki, hekayədən cox müəlliflə maraqlanmaq istədim. O, müəllif ki, onun ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ziyalıları arasında Əli Səbri Qasımovun xüsusi yeri var. Yazıçı, jurnalist, pedaqoq , diplomat, tərcüməçi kimi tanınan  görkəmli şəxsiyyət milli-azadlıq mübarizəsinin cəfakeşlərindən olub.

1917-1920-ci illərdə millət və vətən qarşısında öz üzərinə düşən vəzifəni hünər və şərəflə yerinə yetirən Əli Səbri Qasımov 1892-ci ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb, “Molla Nəsrəddin” jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür.

Qori Müəllimlər Seminariyasını bitirən Əli Səbri qısa müddət Bakıda müəllimlik etdikdən sonra Naxçıvana gələrək yerli vətənpərvərlərin 20-ci yüzilliyin əvvəllərində erməni daşnak təcavüzünə qarşı apardıqları müharibənin ön sıralarında olub.  

Əli Səbri Qasımovun tarixi şücaəti bügünkü gəncliyimiz üçün örnəkdir. O, hələ 87 il bundan əvvəl Transqafqaz Ali Komissarı Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə, belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik… bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik”.(“Azərbaycan” qəzeti, 1919. N 193). Bu, həmin Əli Səbri Qasımovdur ki, Naxçıvanda qurulan Araz-Türk hökumətinin sədri Əmir bəy Əkbərzadə, Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların köməyilə könüllü xalq dəstələrinin yaradılmasına təşəbbüs göstərib, onların əlaqələndirilməsində xüsusi rol oynayıb. Bu səylər nəticəsində yaranmış Nehrəm taboru (başçısı Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə və Zeyvə taboru (Fətulla bəy Hüseynov), Ordubad taboru (İbrahim Xəlil Axundov), Vedibasar müqavimət hərəkatının başçısı Abbasqulu bəy Şadlinskinin və Civə kənd könüllülərinin komandiri Bala Bəy Vəkilovla birlikdə erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək mahalın erməni silahlarından təmizlənməsində xüsusi rol oynayıblar.

Bu həmin Əli Səbri Qasımovdur ki, ordubadlı Ələsgərov, Şərurdan və Sürməlidən hərəsindən bir nəfər nümayəndə ilə birlikdə 1919-cu il sentyabr 9-da Tiflisdə olub, Naxçıvanın neytral zona elan olunmasına etirazını bildirərək 17 maddədən ibarət tələbləri polkovnik Haskelə təqdim edib. Bildirib ki, “Əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silah qoruyacaqlar. Öldü var – döndü yox!”

1917-1921-ci illərdə Naxçıvanda Eynalı Sultanov, Bəhram Xan və Əziz Xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Hərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, Mir Heydərzadə, S.Əsgərxanov, Bağır Rzayev, S. Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər görkəmli şəxsiyyətlər fəaliyyət göstərirdilər və hamısı bilavasitə vətən uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər. Onlar Qərb diplomatları ilə mürəkkəb danışıqlarda qələbə əldə edir, yerli əhalinin mübarizə ruhunu, dəyanətini artırırdılar.

1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının adından Əli Səbri Qasımovun iştirakı ilə imzalanıb Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması, zəiflik və qətiyyətsizlik göstərən İrəvandakı diplomatik nümayəndə Məmməd bəy Təkinskinin yerinə yeni diplomatın göndərilməsini tələb edirdilər.

Əli Səbri diplomatik bacarığı, qorxmazlığı, açıqsözlülüyü, vətənpərvərliyi ilə gələçək nəsillərə bir örnəkdir. O, təkcə içtima siyasi fəaliyyəti ilə xalqına xidmət etməyib. Əli Səbri həmdə gözəl yazıcı, publisist olub. Onun ilk əsəri olan “Solğun çiçək” romanı 1913- cü ildə “Orucov Qardaşları” mətbəəsində nəşr olunub. XX əsrin əvvəllərindəki hadisələri təsvir edən əsərin süjet xəttinin mərkəzində Fərhadla Əfruzun nakam və saf məhəbbəti durur. Lakin  əsərin əsas ideyasını məhəbbət yox, mövcud ictimai siyasi quruluşa qarşı etiraz, azadlığa çağırış təşkil edir.

Əli Səbri iri həcmlı əsərlərlə yanaşı, kicik hekayələrdə yazırdı. Onun “Qarçı”, “Firuzun kədəri”, “Himayə”, “Balaca və xallı” və digər hekayələri mövzunun həlli baxımından maraq doğurur. Bu hekayələr içərisində   “ Balaca və xallı” xüsusi maraq kəsb edir. Əsər balaca Xalidin ağır keçən uşaqlıq illərindən bəhs edir. Müəllif sonradan bu hekayəni böyüdərək poves şəklinə  salmıb. Burada artıq Xalidin böyüməsindən, ali təhsil alaraq bacarıqlı həkim kimi fəaliyyətindən və onu uşaqikən himayə edən Nəzakət xanımı ölümdən xilas etməsindən bəhs olunur.

Əli Səbri həmdə tərcüməçi kimi fəaliyyət göstərib. O,  hələ 1912-ci ildə Qori Müəllimlər Seminariyasında oxuyarkən görkəmli rus yazıcısı Lev Nikolayeviç Tolustoyun 4 hekayəsini dilimizə cevirmiş, “Dörd hekayə ” adı altında çap etdirmişdi.

Bir il sonra isə dostu Abbas Qasımovla birlikdə  A.P.Cexovun hekayələrinin bir neçəsini tərcümə edərək “Gözəl hekayələr” adı ilə nəşrinə nail olmuşdur.O, həmdə V.Şekspirin, R.Taqorun, P.P.Verşiqoranın əsərlərini doğma dilimizə çevirib. Əli Səbri digər dillərdən tərcümələr etməklə yanaşı həmçinin Azərbaycan ədəbi nümunələrinidə rus dilinə tərcümə edib.

Görkəmli siyasi xadim, əsil vətənpərvər olan Əli Səbri ömrünün 91-ci ilini yaşayanda 1983-ci il idi. Qohumu Nazmilə xanım deyirki, o ən çox dənizlə həmsöhbət olurdu. Böyük bir həyat məktəbi keçmiş yazıcı ömrünün ən gözəl illərini  dəhşətli ölüm düşərgələrində, işgəncəli Arxanqelsk monastırlarında və Norilskin qızıl mədənlərində keşirib. Cünki Əli Səbri uzun illər sürgünlərdə olmuşdur. Lakin o, elə bir ömür yaşamışdır ki, xalq onu heç bir zaman unuda bilməyəcək. Onu daha cox qürurlandıran Naxçıvanın 1918-1920-ci illərdəki böyük savaşı idi. Hərdən gözlərini yumub o illəri xatırlayarmış. Nə qədər igidlərimiz qurban getdi ki, təki Naxçıvan düşmən əlinə keçməsin. O, kədərini içində boğan, cəsarətli, təmkinli, açıqsözlü, qorxmaz bir insan olub. Tanrının ona bəxş etdiyi ömrü vətəninin tərəqqisinə həsr edərək ömrünün sonunadək çalışdı. Ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. Bu gün Əli Səbri kimi yüzlərlə vətənfədaisinin, xalq ziyalısının uğruna çanından keçdiyi azadlığın, tərəqqinin şahidləri bizik, bu günün müasir gəncləri.     

 1914-cü ildən ədəbi yaradıcılığa başlayan Əli Səbri 1956-cı ildə bəraət qazandıqdan sonra jurnal və nəşriyyatlarda çalışıb, Azərbaycan Yazıçılar İttifaqında bədii fondun direktoru işləyib. 1983-cü ildə Bakıda vəfat edib.

Onunla bağlı araşdırmalar apararkən maraqlı fotolar, əlyazmalar və Əli Səbrinin qohumu Nazmilə xanımın dilindən bir-birindən maraqlı və mənalı xatirələr dinlədim. Əsil vətənpərvərlik nümunəsi, açıq düşüncəli , xalqın tərəqqi və inkişafı üçün əlindən gələni əsirgəməyən, nəsillərə örnək olan belə bir ziyalının keçdiyi ömür yolu hər birimizə nümunədir.

Ulduz Eyvaz  

                                                               

Oxşar Xəbərlər