Naxçıvanda təşkil olunan festivalda 70 minə yaxın kitab sərgilənir

May9,2024

Naxçıvan şəhərində təşkil olunan festivalda 900 çeşiddə 70 minə yaxın kitab nümayiş etdirilir.

QİA.az “Report”un yerli bürosuna istinad ilə xəbər verir ki, mayın 8-də Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində Kitab festivalı öz işinə başlayıb.Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli festivalın açılış mərasimində iştirak edib.Məlumat verilib ki, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunan sərgidə 900 çeşiddə, 70 minə yaxın kitab və digər nümunələr nümayiş etdirilir.

Səlahiyyətli nümayəndə Naxçıvan Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsi və Naxçıvan Müəllimlər İnstitutu üçün ayrılmış stendlərdə Naxçıvanda fəaliyyət göstərən alim və pedaqoqlar tərəfindən nəşr olunmuş tədqiqat əsərləri, dərslik və dərs vəsaitləri, eləcədə qəzet və jurnallara baxıb, muxtar respublikanın müxtəlif sahələri ilə bağlı işıq üzü görmüş tədqiqat əsərlərini yüksək qiymətləndirib.

“TEAS PRESS” Nəşriyyat Evində çap olunan yüzlərlə adda dünya klassiklərinin orijinal dildə və tərcümə olunmuş əsərləri, yerli və xarici bədii ədəbiyyat nümunələri, uşaq ədəbiyyatı, dərslik və dərs ləvazimatları festival iştirakçılarının böyük marağına səbəb olub.Nəşriyyat evinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr etdiyi stend də diqqəti xüsusi cəlb edib. Burada dahi liderin mənalı ömür yoluna işıq tutan onlarla yerli və xarici dildə kitablar nümayiş etdirilir. Baxış zamanı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə “Heydər Əliyev: yaşayan tarix“ kitabı hədiyyə olunub.

Festivalda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə və Mədəniyyət nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə istedadlı qadınların, sağlamlıq imkanları məhdud şəxslərin, məhkumların və digər kateqoriyalardan olan şəxslərin yaradıcılığı, əl işləri və sənətkarlıq nümunələrinin sərgi-satışı təmin olunub. Səhiyyə Nazirliyi isə festival iştirakçıları üçün maarifləndirici guşə təşkil edib. Həmçinin iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün ayrılmış stenddə Muxtar Respublikanın zəngin təbii sərvətlərindən nümunələr, onlar haqqında çap məhsulları, Naxçıvanın ekosisteminin tədqiqi və emalında istifadə olunan cihazlarla tanış ola bilərlər.Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Heydər Əliyev – 101”, “Naxçıvan Muxtar Respublikası – 100”, “Yaşıl dünyamız – sağlam gələcəyimiz” və “Uşaqların nağıl dünyası” başlıqlı sərgilərlə, “SEVİNC – Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyi isə milli dəyərlərimizi əks etdirən nümunələrlə festivalda təmsil olunub.Gənc könüllülər Kitab festivalının təşkilində fəal iştirak edib, kitab və mütaliə ilə bağlı fləşmob təqdim ediblər.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat Evinin təşkilatçılığı ilə keçirilən Kitab festivalı mayın 11-dək davam edəcək. Festival çərçivəsində tanınmış şair və yazıçılar Elçin Əzimli, Raqif Raufoğlu, Varis, Mürşüd İsmayılzadə, Elxan Elatlı, Aqşin Yenisey, Zahid Xəlil, Aysel Şıxlının iştirakı ilə maraqlı görüşlər, imza saatları, panel müzakirələri keçiriləcək, müxtəlif istiqamətlərdə maarifləndirmə aksiyaları təşkil olunacaq, uşaqlar üçün əylənərək öyrənmək imkanı yaradılacaq.“APF Group” MMC, “Ləzzət Qrup” MMC, “Güvən İnşaat”, “Sürət Kargo” və “İbesta”nın sponsorluğu, “Report” İnformasiya Agnetliyi, AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Naxçıvan televiziyası, Real TV, “Şərq qapısı” qəzeti, “Nuhçıxan” İnformasiya Agentliyinin media tərəfdaşlığı ilə keçirilən kitab sərgisində iştirak ödənişsizdir.

Festival iştirakçıları endirimli kitablardan faydalana və yaradıcı insanların müxtəlif əl işləri və beyin məhsulları ilə tanış ola bilərlər.

Oxşar Xəbərlər