OPEC ölkələri neft hasilatı üzrə sazişi 105 % yerinə yetirib

Yan19,2021

OPEC+ ölkələri tərəfindən 2020-ci ilin dekabr ayında neft hasilatının gündəlik 7,7 milyon barel azaldılmasına dair razılaşma tam yerinə yetirilib.

“QİA.AZ” xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatından görmək olar.

Dekabrda alyansda neft hasilatı İraq, Rusiya və BƏƏ-nin hesabına gündəlik 210 min barel artaraq 39,67 milyon barel/günə çatıb.

OPEC ölkələri neft hasilatı planını 105 %, qeyri-OPEC ölkələri isə 93 % həcmində yerinə yetiriblər.

Belə ki, Səudiyyə Ərəbistanı dekabrda neft istehsalını gündəlik 8,99 milyon barel səviyyəsində saxlayıb. Rusiya ötən ay gündəlik 9,13 milyon barel neft hasil edib ki, bu da noyabr ayına nisbətən gündəlik 0,2 milyon barel çoxdur. İraq dekabrda neft hasilatını gündəlik 0,6 milyon barel artıraraq istehsalı 3,87 milyon barel/günə, BƏƏ isə 0,07 milyon barel artıraraq 2,57 milyon barel/günə çatdırıb.

Hasilatı azaltmaq öhdəliklərindən azad olan İran və Venesuela keçən ay istehsalı eyni səviyyədə saxlayıblar: müvafiq olaraq gündəlik 2 milyon barel və 0,42 milyon barel. OPEC+in güzəşt tətbiq olunan üçüncü üzvü Liviya isə əksinə, hasilatı gündəlik 130 min barel artıraraq 1,17 milyon barel/günə çatdırıb.

Xatırladaq ki, yeni OPEC+ sazişi 2020-ci ilin may ayında neft hasilatında gündəlik 9,7 milyon barel azalma ilə başlayıb, daha sonra alyans avqust ayından məhdudiyyətləri 7,7 milyona qədər yumşaldıb, yanvar ayı üçün isə 7,2 milyon barel azalma barədə razılıq əldə olunub.

OPEC+in yanvarın 5-də keçirilmiş iclasında alyans üzvləri Rusiya və Qazaxıstanın fevral-mart aylarında istehsalı ayrı-ayrılıqda gündəlik 75 min barel artıra biləcəkləri barədə razılığa gəliblər. Eyni zamanda, bütün digər OPEC+ üzvlərinin istehsalı dəyişməz olaraq qalacaq. OPEC+də hasilat ixtisarının ümumi həcmi fevralda gündəlik 7,125 milyon barel, martda isə 7,05 milyon barel təşkil edəcək.

Bu razılaşmaya görə, Səudiyyə Ərəbistanı fevral-mart aylarında neft hasilatını birtərəfli qaydada, yəni könüllü şəkildə gündəlik 1 milyon barel azaldaraq 8,125 milyon barel/günə endirməyi üzərinə götürüb. Analitiklərinin fikrincə, bu, təklif yetərsizliyinə səbəb ola bilər. Bu səbəbdən də Asiyanın neft emalı zavodları Avropa neftinin “ovuna” çıxmağa başlayıblar.

Oxşar Xəbərlər