Politoloq:”Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur”

Nurlan Qələndərli

“Bu gün Ermənistanda istər hakimiyyətdə təmsil olunan bəzi siyasi dairələrin, istərsə də özünü klassik müxalifət adlandıran fiqurların revanş haqqında fikirlər səsləndirmələri manipulyasiya cəhdindən başqa bir şey deyil. Çünki onlar özləri də yaxşı bilirlər ki, 44 günlük müharibədə Azərbaycanın qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur”.

Bu fikirləri “QİA.az”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, zatən sosial-iqtisadi tənəzzülə uğrayan Ermənistan müharibə dövründə çox ciddi demoqrafik və iqtisadi itkilərə məruz qaldı: “Beləliklə, bu gün məğlub ölkənin həm iqtisadi gücü, həm demoqrafik potensialı yeni bir müharibə aparmaq imkanını istisna edir. Digər tərəfdən, Ermənistan regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında olan dövlət deyil. Biz bilirik ki, bu ölkə 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi üstünlüyə malik deyil. Digər tərəfdən, Ermənistan beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi təmsil olunmur, o forpost adlandırılır və bəzi güc mərkəzlərinin diktəsi ilə hərəkət edən zəif geosiyasi fiqurdur. Ona görə də Ermənistandakı bəzi siyasi dairələrin revanş haqqında absurd iddialarla çıxış etməsi reallıqlara uyğun deyil, cəfəngiyyatdır və sadəcə olaraq həm daxili, həm də beynəlxalq müstəvidə ictimai rəyi yanıltmağa hesablanmış müvəqqəti taktiki gedişlərdir”.

“Robert Koçaryanın ifadə etdiyi fikirlərə gəlincə, o, həm dəstək almaq istədiyi xarici qüvvələrə, həm də Ermənistan cəmiyyətinə bəzi mesajlar ötürməyə çalışır. Amma düşünürəm ki, “siyasi reanimasiya”da hakimiyyət ömrünü başa vurmuş bu uğursuz fiqurun seçkilərdə qalib olmaq şansı yoxdur. Adı cinayətkarlıq və korrupsionerliklə assosiasiya olunan Koçaryan erməni ictimai rəyində antipatik siyasi obraz kimi tanınan, mənfi imici olan biridir. Düşünürəm ki, bu “siyasi meyit”in dirildilməsi cəhdləri effektiv olmayacaq. Zatən indiki mərhələdə hədəf onun formalaşdırdığı, yaxud təmsil olunduğu blokun parlamentdə ana müxalifət statusu qazanmasıdır ki, sonrakı mərhələlərdə onun vasitəsilə iqtidara yönəlik siyasi pressinq tətbiq edilsin, hakimiyyət müəyyən güzəştlərə məcbur edilsin”,- deyən politoloq əlavə edib ki, bütün hallarda seçkilərdən sonra Ermənistanda siyasi böhran və xaosun yeni mərhələyə keçəcəyini proqnozlaşdırmaq olar.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər