“Bu raundda istənilən komanda ilə oyun bizim üçün çətin olacaq. Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Mərhələni keçmək istəyiriksə, özümüzə inanmalı və daha diqqətli oynamalıyıq”
“QİA.AZ“ın məlumatına görə, bu fikirləri çimərlik futbolu üzrə Portuqaliya yığmasının yarımmüdafiəçisi Ruben Brilxante yerli mətbuata açıqlamasında Azərbaycan millisi ilə keçirəcəkləri dünya çempionatının seçmə mərhələsinin 1/4 final oyunu barədə danışarkən deyib.
21 yaşlı futbolçu bildirib ki, növbəti raunda adlamaq üçün əllərindən gələni edəcəklər: “Azərbaycan millisi təslim olmayan komandadır. Çox sərt və aqressiv komandadır. Meydanda sonadək mübarizə aparır, qələbə üçün bütün güclərini ortaya qoyurlar. Onlardan daha yaxşı oynamalı və keyfiyyət fərqimizi ortaya qoymalıyıq”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçı iyunun 25-də oynanılacaq.