Niderland Krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Azərbaycan və Türkiyə Prezidentlərinin tarixi Şuşa görüşünə həsr olunmuş beynəlxalq poçt markası buraxılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.az”a verilən məlumata görə, “Azərbaycanın inciləri” layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğanın qədim Şuşa şəhərinin məşhur Cıdır düzündə birgə çəkdirdikləri foto əks olunub. Markaları Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru çap edib.
Qeyd edək ki, bundan öncə sözügedən layihə çərçivəsində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə, Xalq rəssamı Sakit Məmmədovun əsərlərinə, Qarabağın rəmzi sayılan “Xarı bülbül” çiçəyinə, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun, Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun xatirələrinə həsr olunmuş poçt markaları da buraxılıb.