Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün

May31,2021

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə başladı. 30 illik həsrətə son verməyin vaxtı idi, düşmən tapdağı altında inildəyən torpaqları xilas etmənin zamanı yetişmişdi. Bu 30 il həm də nə igidlər yetişdirmişdi: torpaq həsrətli, yurd sevgili, intiqam nəfəsli ərənlər.

Şahbuz rayonunun Keçili kəndindən olan Həmzəyevlər ailəsi də oğullarını məhz belə yetişdirmişdi: vətənpərvər, cəsur, şirürəkli. Keçili Şahbuz rayonunun ucqar dağ kəndidir. Əzəmətli dağları kimi mərd, cəsur insanları ilə sayılıb, seçilib tarixən. Ailənin böyük oğlu olan Mərhəmətin uşaqlığı ana yurdun dağında, daşında, qayalarında keçmiş, hər qarışını sevmiş, qorumaq, müdafiə etmək, Vətənin keşiyini çəkmək arzusu onu hərb peşəsini seçməyə istiqamətləndirmişdi. Anası Qərənfil xanım deyir ki, hərbçi olmaq, hərbi formanı daşımaq ta uşaqlıqdan arzusuna çevrilmişdi. Atalar yaxşı deyib: “Niyyətin hara, mənzilin ora”. Keçili kənd tam orta məktəbinin 8-ci sinfini bitirən Mərhəmət sənədlərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə verir. İmtahandan müvəffəqiyyətlə keçib Hərbi Liseyin kursantı adını qazanan Mərhəmət öz təlim-tərbiyəsi, biliyi ilə müəllim və zabitlərinin rəğbətini qazanır. 2015-2019-cu illərdə Azərbaycan Ali Hərbi Məktəbini bitirib “N” hərbi hissəsində xidmətə başlayır. İllərdir ürəyində bəslədiyi arzusu idi torpaqlarımızı azad görmək. Murovdağ istiqamətindən döyüşlərə atılan leytenant Mərhəmət Həmzəyev əsgərləri ilə birlikdə şücaət göstərir. 3 nəfər yaralı yoldaşını döyüş meydanından çıxarsa da, özünü xilas edə bilmir, düşmən gülləsinə tuş gəlir. Mərhəmət özündən sonra iz buraxır: qəhrəmanlıq, vətənə, torpağa dərin köklərlə bağlılıq izi. Oktyabr ayında şəhadətə qovuşsa da, nəşi tapılmır. İtkinlər siyahısında olan Mərhəmət Həmzəyevin nəşi tapılaraq dekabrın 22-də doğulub boya-başa çatdığı Keçili kəndinə göndərilir. Atası Rizvan kişi Mərhəmətin fotolarını bizə göstərir, oğlu haqqında qürurla bəhs edir. “Oğul düşmən çəpəridir”- deyir. “Yoldan ötənlər Mərhəmətin məzarını deyil, bir igidin, bir düşmən çəpərinin daş abidəsini görürlər. Gələcək nəsillərə bu abidə “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün”,–mesajını ötürəcək. Qəhrəmanlar yalnız döyüşdə əldə silah tutan oğullar deyil, bir də bu qəhrəmanları böyüdən analar var: qəhrəman analar! Qərənfil ana kimi. Bu gün onun taleyinə hicran yaşamaq düşsə də, oğlum zirvəyə çatdı deyir bu qürurlu ana: “Tovuz döyüşlərinin də iştirakçısı olmuşdu Mərhəmət. General-mayor Polad Həşimovun şəhid olması bütün hərbçilər kimi, Mərhəməti də sarsmışdı, intiqam hissilə alışıbyanırdı. “Biz düşməndən bunun qisasını almalıyıq. Torpaqlarımızı azad görmək elə bizim də arzumuz idi. Ali Baş komandanımızın rəhbərliyi altında bu torpaqları azad etmək şərəfi bizim böyütdüyümüz övladlara nəsib oldu”. Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki, düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”. Bəli, 44 günlük müharibənin qələbə ilə başa çatması hər kəsi ürəkdən sevindirir. Hədəf də elə bu idi: bu yolda şəhid də olacaqdı, qazi də. Vətən torpaqları indi 30 illik işğala son qoyan bu qəhrəman oğulların şücaəti sayəsində azaddır. Bu şərəfli missiyanı yerinə yetirən, həsrətə, hicrana son verən oğullar-şəhidlər heç zaman unudulmayacaq. İllər ötəcək, əsrlər keçəcək, gələcək nəsil tarixin zəfər dolu şanlı səhifələrini qürurla izləyəcək, oxuyacaq, öyrənəcək. İşğala son qoyan, bu zəfəri bizə yaşadan sıravi əsgərindən tutmuş generalınadək hər biri hörmət və ehtiramla anılacaq. Leytenant Mərhəmət Həmzəyev də həmçinin.

QiA.az

Oxşar Xəbərlər