Qəlbi Vətən həsrəti ilə yanan hər bir kəs illər öncə bu ifadəni işlədirdi: “Vətən bağı al-əlvandır, yox içində Xarı bülbül”. Bax elə o zaman yanırdı bağrımızın başı. Həsrət qalmışdıq o gözəlliklərinə, al-əlvan olan Vətən bağını yuxularımızda görür, sənin torpağına qovuşub həsrətimizin sona çatdığını görməyi sadəcə xəyal edə bilirdik. Və biz düz 28 il sənsiz qaldıq ay Şuşam. Başının üstünü almış çiskin, qar, duman geri çəkilmirdi. Səni bizdən alsalar da havan, torpağın, suyun doğmalarından ayrı qala bilmədi. Nəhayət 8 noyabr 2020-ci il xəyallarımızın gerçəkləşdiyi gün oldu. Bu tarix əbədi yaşayacaq yaddaşlarımızda. Şuşamıza qovuşduğumuz günü yaşımın hansı çağında olursam olum, həyatımın ən anlamlı günü olaraq xatırlayacağam. Bu xoş müjdəni Ali Baş Komandanımız İlham Əliyev verdi bizlərə: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”- deyən dahi Heydər Əliyevin bu arzusunu ölkə başçısı cənab İlham Əliyev “Əziz Şuşa, sən azadsan” deyərək reallığa çevirdi. Azərbaycan əsgəri sıldırım qayalardan qalxaraq, cığırlardan keçərək, Xocavənd meşələrini geridə qoyaraq sənə qovuşdu ay Şuşam…
Əziz Şuşam sənə gələn yolu iplə çəkirdik bilirsənmi? Sənə qovuşmaq üçün qırdığımız ip dərdimizə dərman oldu, qayıdışın kədəri közə dönmüş gözlərə işıq gətirdi. Şuşam biz evimizə, bizim olana qayıtmışıq, xoş ətirli torpağımıza sarılmışıq. Həsrət qalmışdıq Xan Şuşuniskinin səsini qoynunda saxlayan başı qarlı dağların üçün… Darıxmışdıq, min bir dərdə dərman olan havanı ciyarlarımıza çəkmək üçün… Darıxmışdıq, qürbətdə olan Xarı bülbülün xoş ətrini almaq üçün… Darıxmışdıq, Cıdır düzünün doğmalarına ev sahibliyi etməsindən ötrü… Cənnətməkanım mənim, təmiz havasına möhtac olduğum Şuşam çox qürurluyuq. Ona görə ki, dahi Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri göz yaşı tökmür artıq. Çünki onlar doğmalarına qovuşub.
Artıq elimizə, obamıza bahar gəlib. Bu bahar bir başqa bahardır.Qarabağ ətirli bahardır. Torpaqlarımızın işğaldan azad olunması bu yazın coşğusunu daha da artırıb. Gəlişi ilə xoşbəxtlik gətirib qapılarımıza, əbədi-əzəli torpaqlarımızı yenidən qaytarıb bizlərə, ürəklərimiz sərinlik tapıb qovuşduğumuz torpaqlarda. İnsanlar daha vüqarlı, daha iftixarlıdır bu bahar.Yenicə açmağa hazırlaşan hər bir ağacın bir çiçəyi, doğma torpaqlarımızın iyisini gətirib bizlərə. Bu bahar fərqli bahardır, ona görə ki, Şuşanın rəmzi olan Xarı bülbül artıq doğmalarının qoynunda çiçəklərini açır. Sən əzəli-əbədi Qarabağ torpağının Azərbaycana bəxş etdiyi nemətlərdən birisən, Xarı bülbülüm… Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbülüm, sən bizə Tanrının göndərdiyi ən böyük möcüzəsən, çiçəklərimizin baş tacısan əziz gülüm.Sənə baxdıqca sanki üzərinə qonmuş bülbülü xatırlayıb, qeyri-adi gözəlliyinin şahidi olur insan. Xarı bülbülüm, sən bir gözəllik, zərifliklə yanaşı, həm də cəsarət rəmzisən. Cəsarətlisən ona görə ki, mənfur düşmən sənin o gözəlliklərini görməsin deyə işğalda olduğun zaman kəsiyində heç açmadın çiçəklərini. Bu il açan Xarı bülbül də bir başqa Xarı bülbüldür…
Əziz Şuşam düz 28 ildir hər Novruz bayramında dua edirdik, sənin torpağında tonqallar çatılsın deyə. Şükürlər olsun ki, bu günləri görmək bizlərə nəsib oldu. Bu il biz bayramı gün o gün olsun təsəlli cümlələri ilə deyil, o günü yaşaya-yaşaya qeyd etdik. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birgə Azərbaycan xalqının ən əziz bayramı olan, xalqın birliyinin, həmrəyliyinin simvollarından biri Novruz bayramını Şuşa torpağında qeyd etməsi bizləri daha qürurlandırdı. Cıdır düzündə alovlandırılan ən uca Novruz tonqalı isə Şuşamıza yeni bir işıq, düşmənə isə gözdağı oldu. Çatılan tonqal doğma əzəli-əbədi torpağına qayıdan bir ailənin sevinci, xoşbəxtliyi idi. “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”. Bayram tonqalını alovlandıran Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər hər birimizdə qürur və iftixar yaradır.İllərdir həsrətindən burnumuzun ucu göynəyən torpağımıza yenidən ayaq basırıq. Bu qayıdışı canımız, qanımız bahasına əldə etdik, Ali Baş Komandanımız və müzəffər ordumuzun sayəsində qalib olduq.
Bu bizim tarixi qələbəmizdir. Azərbaycan xalqına məxsus olanın onun özünə qaytarılması missiyasıdır. Doğma Şuşam biz əminik ki, Azərbaycan dövləti Qarabağın bütün yaşayış məntəqələri kimi səni də abadlaşdıracaq, yenidən dirçəldəcək. Artıq bu prosesə start verilib. Əziz Şuşam sənin qoynunda xalçaçılıq sənəti də dirçəldiləcək, bu qədim şəhərdə toxunan xalçalar dünyanın məşhur muzeylərinin bəzəyinə çevriləcəkdir. Ay Şuşam, bizlər yenə sənin İsa bulağının şəfalı sularından içəcək, Cıdır düzündə istirahət edəcək, torpağında Qarabağ şikəstəsini ən uca səslə bütün dünyaya bəyan edəcək, Vaqif poeziya günlərini səndə keçirdəcəyik.
Nə xoş bizlərə ay Şuşam. Bizlərin sənin qoynunda hasil edəcəyimiz arzularımız gerçək oldu.28 ildir bu niyyətlərlə yaşayırdıq.Bu gün həmin günün yetişdiyi məqamdır artıq. Şükürlər olsun bu günün sevincini yaşamağı bizlərə nəsib edən Uca Tanrıya… Bu yaz fəslini bizlərə coşqu ilə yaşamağı rəva bilən, baharımızın solmayan növraqları igid şəhidlərimiz, ruhunuz şad olsun! Baş əyirəm Qarabağlı bahar ətrinin sevincini bizlərə bəxş edən, igid oğullarımızın anaları qarşısında!
Nuray ƏSGƏROVA