Qısa ömrün şərəfli yolçusu…

Okt20,2021

Müasir dövrün yeni reallıqlarına uyğun olaraq, rəşadətli Azərbaycan ordusu xalq-ordu həmrəyliyi, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi, eyni zamanda güclü dövlət və güclü ordu strategiyası hesabına 21-ci əsrdə müharibə aparmağın ən mükəmməl nümunəsini ortaya qoydu. Müzəffər ordumuzun sentyabrın 27-də özlərini daim əzəli və əbədi Azərbaycan torpaqlarında aborigen xalq kimi göstərməyə çalışan işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatlarında əldə etdiyi parlaq qələbə, şübhəsiz ki, XXI əsr tarixinə qızıl hərflərlə yazılıb. Bu gün hərb sahəsində kifayət qədər yüksək təcrübəyə malik olan bir sıra dünya ölkələrinin ekspertləri etiraf edirlər ki, Azərbaycan ordusu minimal canlı itkilərlə qalibiyyətli müharibə aparmağın misilsiz örnəyini yaradıb və döyüş əməliyyatları zamanı müasir silahlardan – pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir.

Ordumuz ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclü səbir, təmkin, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək tarixi ədaləti bərpa etdi, 30 illik Vətən həsrətimizə son qoydu. Qəlbi Vətən eşqi ilə yanan mübariz, vətənpərvər oğullarımız dosta da, düşmənə də sübut etdi ki, Qarabağ Azərbaycanın milli qeyrəti və ləyaqət simvoludur. Ümummilli Lider Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik” münasibəti ilə Azərbaycan xalqına müraciətində də qeyd etdiyi kimi:

“…Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanları, onun müdrik xalqıdır”. Vətən müharibəsinin başladığı ilk gündən etibarən muxtar respublikamızın digər bölgələri kimi, Şərur rayonundan da igid oğullar tarixi ədalətin bərpası uğrunda, üçrəngli bayrağımızın bütöv Azərbaycanda dalğalanması naminə ölkəmizin müdafiəsinə qalxdılar. Təbii ki, müharibə şəhidsiz, şəhidsizsə Vətən olmur. Minlərlə mərd oğul canı, qanı bahasına öz şəhadətləri ilə ən ali zirvəyə-şəhidlik mərtəbəsinə ucaldı. Belə gənclərdən biri də torpağına, Vətəninə sonsuz sevgi və məhəbbətlə bağlı olan Novruzov Pərviz Qorxmaz oğludur.

Pərviz bir payız fəsli, 1997-ci ilin oktyabr ayının 15-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndində dünyaya göz açıb. 2004-2015-ci illərdə doğma kəndlərində tam orta təhsilini alan Pərviz, məktəbi bitirdikdən sonra vəzifə borcunu yerinə yetirmək üçün ordu sıralarına qoşulur. Qeyd etmək lazımdır ki, Pərvizin hərb sənətilə ilk tanışlığı, bu sahəyə olan böyük sevgisi məhz evlərindən, atasının açdığı “Vətən” cığırından başlayıb. Belə ki, atası Qorxmaz Novruzov da ötən əsrin 80-ci illərin sonlarında Sədərək uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək böyük cəsarət və hünər göstərmişdir.

Şəhidimizin həyatı, şəxsi keyfiyyətləri, hərbi xidməti-bir sözlə keçdiyi şərəfli ömür yolu barədə ətraflı məlumat əldə etmək üçün onun yaşadığı Şərur rayonunun Çərçiboğan kəndindəki evə yollanıram. Evdə məni ilk qarşılayan “Şəhid Pərviz Novruzov” başlıqlı onun şəxsi həyatını, hərbçi fəaliyyətini əks etdirən, uğurlarının bir araya toplandığı guşə qarşılayır. Əbəs yerə demirlər “nur üzlü şəhidim”…Hər fotoda eyni mənzərə canlanır: Ucaboylu, məğrur duruşlu və gülümsəyən xoş simaya malik bir gənc.

Daha sonra Pərvizin atası Qorxmaz Novruzovla həmsöhbət oluruq. Qorxmaz əmi kövrələrək “Pərviz ailəmin sonbeşiyi idi” deyir və davam edir: Pərvizdən başqa bir oğlum, iki qızım da var. Övladlarıma hər zaman tutduqları vəzifədən, peşədən asılı olmayaraq, Vətəni sevməyi, onun uğrunda lazım olsa belə, canlarından, qanlarından keçməyə hazır olmalarını öyrətmişəm. Öyrətmişəm ki, mövzu Vətəndirsə, sən, mən yoxdur, biz varıq.

Deyir ki, hərbçi olmaq Pərvizin öz seçimi və arzusu idi: “Bir valideyn kimi, övladımın bütün qərarlarının arxasında olmuşam və dəstəkləmişəm. Pərvizi tanıyan hər kəs etiraf edər ki, asan yolu seçmək onun xislətində yox idi. Bu baxımdan öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyi seçmişdi. Xidməti dövründə “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla da təltif olunub və xidmətini kəşfiyyatçı əsgər kimi başa vurub. Komandirləri dəfələrlə zəng edərək bu torpağa Pərviz kimi oğul bəxş etdiyimiz üçün təşəkkür ediblər”.

Bu məqamda göz yaşlarını silərək, titrək səslə şəhidimizin anası Sənubər xanım söhbətə qoşulur: Pərvizim həm də ailəcanlı, mehriban və dürüst insan idi. Tapşırılan heç bir işdən boyun qaçırmaz, yorulmaz, sonacan yerinə yetirərdi.

– Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən ordu sıralarına qoşulmaq istədiyini dedi. Bilirdik ki, onu verdiyi qərardan döndərmək çətindir. Bu səbəbdən də etiraz etmədik. Sonra xidmətini eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirdi. “Hərb sirri bizimlə məzara gedəcək” deyirdi hər zaman. Ondan bu mövzu ilə bağlı söz almaq çox çətin idi. Vətən müharibəsinin başladığı ilk gündən ara-sıra telefonla əlaqə saxlayırdı. Deyirdi ki, Vətənin çətin günlərində kənarda dayanmağı özümə rəva bilmərəm, mənim üçün narahat olmayın, bizlərə dua edin. Mən şəhid qardaşlarımdan, sən də şəhid analarından artıq deyilsən.

Sonuncu dəfə oktyabrın 8-i evə gəldi. “Bir neçə həftəlik təlimlərimiz var, sonra yenidən evə qayıdacam” deyərək çantasını yığmağa başladı. Müharibəyə getdiyini evdə heç kimə bildirmədi. Qapıdan çıxarkən son dəfə gülə-gülə “ölməyə yox, öldürməyə gedirik” dedi və bir dəfəlik getdi. Son dəfə oktyabrın 23-ü gecə saat 2-də dostuna zəng edib ki, Xocavənddəyik. Evdəkilərə xəbər et, narahat olmasınlar. Bu yaxınlarda qələbə müjdəsi verəcəm onlara. Yolumu gözləsinlər…O vaxtacan bilmirdim ki, oğlum müharibəyə gedib.

Noyabrın 8-dək Sənubər ana hər gün, hər saat, hər dəqiqə övladının yolunu gözləyir, gözlər yol çəkir.

Bu zaman onu təsəlli edən evin böyük qızı-Pərvizin bacısı Gülxar olur.

Deyirlər, oğullar düşmən çəpəri,

Sən etdin sinəni vətən sipəri.

Qoydun öz arxanda sevən gözləri,

Qəlblərdə işıqtək yanan qardaşım.

“Şəhid bacısı olmaq qürurlu və şərəflidir. Pərviz və onun kimi qeyrətli oğullarımız vaxtilə Xocalıda təhqirlərə məruz qalan ana-bacılarımızın, namərd süngüsünə çəkilmiş körpələrimizin qisasını aldı”- deyir Gülxar Novruzlu. Onu da bildirir ki, əminəm, qardaşım və onunla birgə əbədi uyuyanların yeri çox rahatdır. Çünki uğurlarında canlarından keçdikləri doğma Vətən torpaqları bu gün azaddır.

Deyirlər gələcək cəmiyyətin necəliyi müəllimdən asılıdır. Şagird doğruluğu, səmimiliyi, saflığı, ətrafa, cəmiyyətə hörmət və məhəbbəti, vətənpərvərlik kimi yüksək mənəvi və əxlaqi keyfiyyətləri ikinci valideyn sayılan müəllimindən öyrənir. Bu mənada şəhidimizin orta məktəb müəllimi Səttar Novruzlunun zəhmətini xüsusi vurğulamaq gərəkir. Əminliklə demək olar ki, bu gün Mübariz, Polad, Xudayar, Pərviz və yüzlərlə şəhidimiz Səttar Novruzlu kimi şərəfli Azərbaycan müəllimlərinin ən gözəl əsəridir. Səttar müəllimin dediklərindən: “Müəllimlik peşəsi, şübhəsiz ki, çətin və şərəflidir. Bu gün özümü həm də ikiqat xoşbəxt və qürurlu bir müəllim hesab edirəm. Çünki dərs dediyim şagirdlərdən biri ölkəmizin bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək şəhidlik mərtəbəsinə yüksəlib. Novruzlu Pərviz Qorxmaz oğlu atasının adını mənəviyyatında, öz ruhunda daşıyan oğul idi və qorxmazlığını da döyüşlərdə təcəssüm etdirdi.

“Öz nizam-intizamı ilə hər zaman seçilən Pərviz az danışar, çox dinləyərdi. Hündürboy, fiziki cəhətdən çox çevik olduğu üçün hər zaman deyirdim ki, vay səninlə üz-üzə gələn düşmənin halına.

O, nəinki məktəbdə, kənarda belə öz müəllimlərinin, böyüklərinin ehtiramını saxlayar, böyüklə böyük, kiçiklə kiçik olmağı yaxşı bacarardı. Mən hesab edirəm ki, Vətən müharibəsində ən yaxşı oxuyandan, ən zəif oxuyana qədər iştirak edən bütün şagirdlərim göy üzünün əlaçı tələbələridir”. Döyüşlər zamanı mənfur düşmənə qarşı göstərdiyi igidlikdən fəxrlə danışırlar döyüş yoldaşları. Ailəsinin ziyarətinə gələn bir neçə döyüş yoldaşı da Pərviz haqqında xatirələrini bölüşür.

İlham Zamanov: Şuşa yaxınlığında şiddətli döyüşlər gedirdi. Qəfil açılan atəş nəticəsində ayağımdan ağır yaralanmışdım. Düşünürdüm ki, artıq son yaxınlaşır. Bu zaman Pərviz çiyinlərinə alaraq məni ordan çıxarmağa başladı. Dəfələrlə buraxmasını söylədim. Çünki müharibənin şiddətli vaxtı yaralı birini oradan çıxarmaq çox çətin idi. Özü də çiyində. “Bərabər gəlmişik, bərabər də qayıdacağıq” sözləri hələ də qulaqlarımda. Pərviz öz şücaəti və vətənpərvərliyi ilə bütün əsgərlərə nümunə idi…

Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. Öz qanı ilə tarix yazan Pərviz elə dünyaya göz açdığı payız fəslində, müharibənin bitməsinə cəmi bir neçə saat qalmış Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Deyirlər payız soyuq günlər üçün hazırlıq məqamıdır. Lakin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz xəzan yelli payızı əbədi günəşli bahara çevirdi. Yarpağını tökən hər ağac şəhid qanı ilə yenidən çiçək açdı…Qarabağ əzəli və əbədi sahiblərinə qovuşdu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Pərviz Novruzlu ölümündən sonra “Vətən uğrunda”, Şuşa və Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə isə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Əminliklə deyə bilərik ki, Vətən müharibəsində əldə edilən tarixi zəfər və parlaq qələbə Azərbaycan xalqının əzmkarlığını, yenilməzliyini və həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi. Ölümün gözünə dik baxan şəhidlərimiz həm də vaxtilə daxili məcburi miqrasiya proseslərinə məruz qalmış, öz ata-baba yurdlarından zorla didərgin salınmış bir milyondan çox qaçqın və məcburi köçkünün ən böyük arzusunu, xəyalını gerçəkləşdirdi. Bu gün xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikmək, təsərrüfat sahələri yaradaraq, bir sözlə, burada daimi məskunlaşmaq arzusu və amalı məcburi köçkün həmvətənlərimizin Vətənə və milli dəyərlərə sadiqliyinin bariz nümunəsidir.

Arif BAYRAMOV

Dövlət Miqrasiya Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Oxşar Xəbərlər