Qızılqaya yüksəkliyi uğrunda döyüşlərdə şəhid olan baş-leytenantımız

Apr6,2021

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir.

Adətən ətrafımızdakı insanlara fikrimizi çatdırmaq üçün bir cümlə işlətməyimiz kifayət edir.
Lakin Vətəni üçün, sənin üçün, mənim üçün canından keçənlərin haqqında danışarkən fikrimizi çatdırmağa bir və ya bir neçə cümlə qurmaq kifayət etmir. Onların vətənpərvərliyini, şücaətini, xalqı üçün etdiklərini sizə çatdırmaq üçün bir kitab yazmaq lazımdır.
Cəmi 44 gün davam etməsinə baxmayaraq, ikinci Qarabağ müharibəsində Azərbaycan uğrunda qəhrəmancasına mübarizə aparan el oğullarının sayı yüzü, mini ötdü. Onların hər birinin döyüş yolu, həyatı bir filmin növzusudur. Bu övladların canı-qanı bahasına 30 illik həsrətə son qoyuldu.
Özü şəhid olub Vətəni azad edən qəhrəmanlarımızdan biri də Elnur Zeynalovdur.
Zeynalov Elnur Elsevər oğlu 28 iyul 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2002-ci ildə Naxçıvan şəhər Akademik M.C.Cəfərov adına 14 nömrəli tam orta məktəbə almağa başlayıb. Hərb sənətinə üstünlük verən Elnur 2009-cu ildə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Elnur burada, haqqında başqa bir məqalədə məlumat verdiyimiz igid şəhidlərimizdən olan Əlizadə Fuad və Raqib Hüseynovla birlikdə təhsil alıb. 2011-ci ildə Hərbi Liseyi bitirən Elnur. həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq kəşfiyyatçı bölüyündə təhsil alıb. 2015-ci ildə AAHM-mi bitirib.
Ailəsini ziyarətimizdə söhbət zamanı şəhidin atası Elsevər müəllim dedi ki, Elnurun ilk təyinatı Ağstafa rayon N saylı hərbi hissəyə olub. Orada leytenant rütbəsi ilə tağım komandiri vəzifəsində işə başlayıb. İşlədiyi müddətdə bir neçə kurs keçib. 2016- cı ildə Snayper kursu, növbəti illərdə Paraşütçülük, Dağ-xizək kursu və Xüsusi Təyinatlı Kurslarında uğurla iştirak edib.
“Elnur Xüsusi Təyinatlıların ən çətin kursu olan Sualtı Hücum Kursunu da bitirib. SAM/SAH ( Su Altı Müdafiə , Su Altı Hücum ) Kursu bitirəndən sonra əvvəlki xidmət yerinə qayıdıb və 2020 – ci ilin iyun ayına kimi Ağstafa rayonunda xidmətini davam etdirib. 2018- ci ildə isə Elnura baş-leytenant rütbəsi verilib”.
2013-cü və 2018-ci illərdə Azərbaycan Ordusunun Yaranmasının 95 və 100 illik yubileylərinin hər ikisində medalla təltif edilən Elnur Zeynalov bu münasibətlə keçirilən hərbi paradlarda da iştirak edib.
Elnurun qardaşı Ruslan deyir ki, qardaşının, neçə illər arzusunda olduğu, kursunu bitirdiyi Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsinə təyinatı çıxıb:
“Bakıya Hərbi Dəniz Qüvvələrinə gəlməzdən 1 ay əvvəl Şəhid Cənab General Polad Həşimovla bir ay birlikdə işləyib. Onun haqqında çox gözəl sözlər deyirdi. Polad Həşimovun, tabeliyində olan şəxsi heyyətə qarşı son dərəcə qayğıkeş olmasından danışardı”.
II Qarabağ döyüşləri başlayan gündən, sentyabr ayının 27-dən döyüş meydanına yollanan baş-leytenant Elnur Zeynalov Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd uğrunda gedən döyüşlərdə yaxından iştirak edib.
31 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.
Xəzər tv-də bir proqrama qonaq olan Elnurun döyüş yoldaşlarından biri, onun Qızılqaya yüksəkliyində göstərdiyi qəhrəmanlığından belə danışıb: “Qubadlı işğaldan azad edildikdən sonra Xocavənd uğrunda gedən döyüşlərə başladıq. Qızılqaya adlı bir yüksəklik var. Hansı ki, düşmənin ikinci alayının taktiki xüsusi komanda məntəqəsi olub. Biz xüsusi təyinatlılar olaraq 20 nəfərlə döyüş əməliyyatını icra edirdik. Güclü mühafizə edilən Qızılqaya yüksəkliyi mühüm strateji əhəmiyyətə malik bir məntəqədir. Həmin təpənin alınmasında döyüşçü yoldaşımız baş-leytenant Elnur Zeynalov çox böyük xidməti oldu. Güclü atəş altında olduğumuzdan irəliləyə bilmirdik. Düşmən pulemyotçusu göz açdırmırdı bizə. Həmin vaxt Elnur öz həyatını təhlükəyə ataraq düşmən pulemyotçusunu susdurdu. Ondan sonra biz irəliləyə bildik. Elnur sinəsini sipər etdi Vətən torpağını azad etmək üçün. Belə bir döyüş yoldaşı ilə döyüşdüyüm üçün fəxr edirəm”.
Vətən müharibəsində göstərdiyi xidməti, şücaəti qarşılıqsız qalmadı Elnurun.
Qəhrəman el oğlu ölümündən sonra “Qarabağ ordeni”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Ən əsası xalqın qəhrəmanı, hər birimizin qardaşı oldu Elnur.
Söhbət əsnasında bizi Elnurun otağına aparıb onun şəxsi əşyalarını, hərbi və mülki geyimlərinin saxlandığı qardirobunu göstərdi Məlahət ana. Oğlunun qoxusu üstündən getməsin deyə yumağa qıymadığı geyimlərini yaşlı gözlərlə bağrına basıb övlad iyini içinə çəkən ananı görəndə deməyə nə bir söz tapa bilirsən, nə də sual verə bilirsən. Otağa bir sükut çökür. Sözlər boğazda düyünlənib qalır. Bu sükutu yenə ana pozaraq deyir: “Elnur Vətəninə, millətinə sadiq olduğu kimi dininə də bağlı bir oğul idi. İstər xidmət dövründə, istərsə də döyüş bölgəsində olduğu zamanlarda ibadətindən qalmazdı. Müharibədən sonra bizə ziyarətə gələn döyüş yoldaşlarından Xızır Əliyev, qazi olmuş Cavid Behbudov onun mehriban, qayğıkeş və sakit təbiətli olduğu qədər, düşmənə qarşı bir o qədər sərt, qorxusuz və nifrət bəsləyən bir yoldaş olmasından bəhs edirdilər.
Oğlum döyüşlər getdiyi zaman mülki vətəndaşların onlar üçün göndərdiyi geyimlərdən bir dəstini heç istifadə etməyib. Üzərində “Qələbə bizimlədir. Azərbaycan əsgəri! Sizinlə fəxr edirik!” yazılmış vərəq olan bağlamanı yadigar saxlayıb özü üçün”.
Heç bir sözlə ananın övlad həsrətini ifadə etmək olmur. Heç bir təsəlli ananın övlad acısını azalda bilmir.
Məlahət xanım oğlu ilə nə qədər qürur duysa, azdır. Onun kimi vətənpərvər, mehriban, dostcanlı, mərd övlada sahib olduğu üçün fəxr etməli bir anadır.
Elnur qardaşımız da daxil olmaqla Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ailəsinə səbir versin. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, onlar da var olacaq. Şəhidlər heç zaman ölmür, şəhidlər əbədi olaraq ürəklərdə yaşayır!
Fəxrimizsiniz.

Bəxtiyar Əliyev

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər