Rafiq Hüseynov: Azərbaycan güləşinin gələcəyi uğurlu əllərdə olacaq

May23,2024

“Sevindirici haldır ki, yaxşı nəticə gözlədiyimiz idmançılarımız ən yüksək səviyyədə güləşdilər”.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kiloqram) Bakıda keçirilən U-23 Avropa çempionatında milli komandanın çıxışını dəyərləndirərkən deyib.

36 yaşlı İdmançı bildirib ki, Vətəndə əldə edilən çempionluq tam fərqlidir: “Xasay Həsənli (77 kiloqram) uzun illərdir mənə kömək edirdi. Amma bu gün o, 23 yaşlılar arasında Avropa çempionu oldu. Fikrimcə, bu, bizim üçün böyük uğurdur. Çünki 77 kiloqram ən ağır çəkilərdən hesab olunur. Bu çəki dərəcəsində Sənan Süleymanov liderdir. Xasay da yaxşı rəqabət aparır. Ziya Babaşovun (63 kiloqram) da çıxışını xüsusi qeyd etmək istəyirəm. Çox təmkinli və səliqəli yarışdı. Bu, bir növ böyüklərə xas güləş tərzi idi. Sevinirəm ki, Azərbaycan gəncləri bu gün belə güləşirlər. Bu, komandamızın, Azərbaycan Güləş Federasiyasının uğurlarıdır. Bu cür idmançıların sayı artdıqca Azərbaycan güləşinin gələcəyi uğurlu əllərdə olacaq. Rəşad Məmmədovun (55 kiloqram) da çıxışını dəyərləndirmək lazımdır. O, yarımfinalda bəzi haqsızlıqlara məruz qaldı. Buna baxmayaraq, öz sözünü dedi və üçünü yeri tutdu. Laçın Vəliyev (87 kiloqram) də bürünc mükafat əldə etdi. Düşünürəm ki, bu da böyük nailiyyətdir. İnanıram ki, o dünya çempionatında daha yaxşı güləşib öz gücünü göstərəcək”.

Azərbaycanın digər yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kiloqram) isə yığmanın dünənki nəticələrinin onu yaxşı mənada təəccübləndirdiyini söyləyib: “Ziya və Xasay doğrudan da yaxşı çıxış etdilər. Onları təbrik edirəm. Açığı, Sərxan Məmmədovun (130 kiloqram) da medal qazanacağını gözləyirdim. Təəssüf ki, alınmadı. Rəşad Məmmədovdan (55 kiloqram) da gözləntilər böyük idi. Finala çıxa, hətta çempion ola bilərdi. Gərgin görüşlər izlədik. Lakin komandamız bundan da artıq medal qazana bilər”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə U-23 yığması Bakıdakı yarışda 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq, ilk dəfə komanda hesabında Avropa çempionu olub. Turnirə mayın 26-da yükün vurulacaq.

Oxşar Xəbərlər