“Quran”da “min aydan daha xeyirli” olduğu bildirilən Qədr gecəsi sabah-aprelin 17-də gerçəkləşəcək.
İslamda “Quran”ın nazil olunmağa başladığı Qədr gecəsi “səma qapılarının açıldığı, duaların və tövbələrin qəbul olunduğu mübarək gecə” hesab edilir.
“Quran”da adı keçən yeganə gecə olan Qədr gecəsi belə təsvir edilir:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. Mələklər və ruh (Cəbrail) o gecə Rəbbinin izni ilə hər iş üçün təkrar-təkrar enər. O gecə sübhə qədər rifah və əmin-amanlıq var.”
Heydər məscidinin imamı, ilahiyyatçı hacı Rüfət Qarayev QİA.AZ-a açıqlamasında bildirib ki, ehtimal olunan Qədr gecəsi Ramazan ayının son on gecəsinin içərisində gizlidir və xüsusi olaraq tək gecələrdə olduğu bildirilir: “Yəni Ramazanın 19-cu, 21-ci, 23-cü və 27-ci, fərqli yanaşmalara görə isə 25-ci, və 29-cu gecələrinin də Qədr gecəsi olma ehtimalının üzərində dayanılır. Bir müsəlman Ramazan ayının son on gecəsini gözəl keçirməyə çalışmalı və “Qurani-Kərim”dən ayələr oxuyaraq dualar etməlidir”.