Türkiyə ordusunun xüsusi təyinatlı dəstəsi Suriyanın şimalında “Barış pınarı” və “Fərat qalxanı” əməliyyatlarının keçirilməsi zonasında YPG-nin (PKK terror qruplaşmasının Suriya qanadı-red) üç terrorçusunu məhv edib.
“QİA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində bildirilir.
Nazirlikdə qeyd ediblər ki, iki terrorçu “Barış pınar” əməliyyatının keçirilməsi zonasına girməyə cəhd edib, daha bir silahlı isə “Fərat qalxanı” zonasında yerləşən rayonlara hücum hazırlayırmış.
Xatırladaq ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə bir sıra terror aktları həyata keçirirlər. Bu qruplaşmanın terror aktları nəticəsində Türkiyədə təhlükəsizlik orqanlarının 7 500 əməkdaşı və 6 800 dinc sakin həlak olub. ABŞ və Avropa İttifaqı PKK-nın adını terror təşkilatları siyahısına salıb.