Tarixdə bu gün – 24 may

May24,2021 #24 may #tarixdə bu gün

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

 1032-ci ildə dünyanın ən məşhur ensiklopedik biliyə malik alimlərindən olan Əbu Əli ibn Sina nadir astronomik təzahürü – Venera planetinin Günəş diskindən keçməsini müşahidə və təsvir edib. Maraqlıdır ki, İbn Sinanın qeydləri yalnız 1980-ci ildə – mütəfəkkir alimin 1000 illik yubileyi ərəfəsində aşkara çıxıb. Həmin vaxta qədər isə güman olunurdu ki, Veneranın Günəş reydini ilk dəfə 1639-cu ildə avropalılar müşahidə ediblər. 

***

  1844-cü ilin bu günü Semüel Morzenin ixtira etdiyi teleqraf aparatı vasitəsilə Vaşinqtondan Baltimora informasiya ötürüldü. Sonralar bu aparat müəllifin adı ilə Morze adlandırıldı.

***

  1912-ci il 24 mayda Azərbaycanın paytaxtı Bakıda ana dilində “Kəlniyyət” həftəlik ictimai-siyasi, ədəbi, satirik şəkilli jurnalın ilk nömrəsi işıq üzü gördü. Cəmi 37 sayı çıxan və 1913-cü ilin 10 fevralında bağlanan bu jurnal əsasən demokratik ideyaları təbliğ edirdi.

  Tanınmış ədiblərdən Abbas Səhhət, Əli Nəzmi, Seyid Hüseyn və başqaları “Kəlniyyət” jurnalı üçün yazır, karikaturaları isə Əzim Əzimzadə və Telin Qarter çəkirdi. 

***

  1989-cu ilin 24 mayında Bolqarıstan türklərinin Türkiyəyə məcburi köçü başladı. Təxribatçı Jivkov hökumətinin irqçi siyasəti nəticəsində 3 ay ərzində ölkəyə 345 minə yaxın türk gəldi.  

***

24 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Polşanın dünyaşöhrətli astronomu, müasir astronomiyanın banisiNikolay Kopernik 1543-cü ilin bu günü Fromborq şəhərində 70 yaşında vəfat edib.

  Ölümünə bir neçə gün qalmış dostları ona Nürnberqdə çap olunmuş kitabını gətiriblər. Bu, elə bir kitab idi ki, məhz onun sayəsində sonrakı nəsil Koperniki “Günəşi dayandıran və Yeri hərəkətə gətirən astronom” adlandırdı. Lakin sağlığında böyük astronomun yazdıqlarını Qərb dünyasından başa düşən, ciddi qəbul edən yox idi. (1473-1543)

***

  Böyük Fransa İnqilabının görkəmli xadimi, alim və publisit Jan Pol Marat 1743-cü ilin 24 mayında dünyaya gəlib.

  Bordo və Parisdə təbiət elmlərini öyrənən Maratın dünyagörüşü maarifçilik ideyalarının təsiri altında formalaşıb.

  Jan Pol Marat yazdığı əsərlərində silahlı üsyan və inqilabi diktatura fikirlərini irəli sürüb.

  1789-cu ildə “İnsan və vətəndaş hüquqları bəyannaməsi”nin layihəsini hazırlayan Jan Pol bir müddət qəzet də dərc etdirib. 50 yaşındaykən onu inqilabçıların düşməni olan bir qadın qətlə yetirib. (1743-1793)

***

  Azərbaycanın tanınmış publisisti, marrifçi və ictimai xadimi Ömər Faiq Nemanzadə 1872-ci ilin bu günü Tiflisdə dünyaya gəlib.

  1906-1910-cu illərdə Cəlil Məmmədquluzadə ilə birlikdə “Molla Nəsrəddin”in əsas naşirlərindən olan Ö.F.Nemanzadə məqalələrində cəhalətə, fanatizmə qarşı çıxıb, çarizmin müstəmləkəçilik siyasətini ifşa edib. O, 1937-ci il Stalin repressiyasının qurbanı olub. (1872-1937)

***

  Azərbaycanın ilk qadın peşəkar musiqiçilərindən biri olan Xədicə Qaibova 1893-cü ilin 23 mayında Tiflisdə doğulub.  

  Ötən əsrin 20-30-cu illərində təkcə Azərbaycanda deyil, bütün SSRİ-nin ən yaxşı pianoçularından sayılan Xədicə Qaibova 1938-ci ildə Stalin repressiyasının qurbanı olub. (1893-1938)

***

  Məşhur rus yazıçısı Mixail Şoloxov 1905-ci il 23 mayda dünyaya gəlib.

  18 yaşından (1923) çap etdirdiyi ədəbi yazıları “Don hekayələri” və “Mavi çöl” kitablarında toplanıb.

  M.Şoloxova “Sakit Don” roman-epopeyası dünya şöhrəti qazandırıb. Onun “Oyanmış torpaq” romanı və Nobel mükafatı almış “İnsanın taleyi” povesti rus ədəbiyyatının ən yaxşı nümunələrindəndir. (1905-1984)

***

  Bu gün azərbaycanlı telejurnalist Fərhad Kərimovun xatirə günüdür.

  1987-ci ildən bir müddət “Molodyoj Azerbaydjana” qəzeti redaksiyası və “Turan” informasiya agentliyində işlədikdən sonra “Röyter” agentliyinə dəvət olunan F.Kərimov daim dünyanın qaynar nöqtələrində – Abxaziya, Dnestryanı bölgə, Tacikistan, Çeçenistan və daha çox da Dağlıq Qarabağda operativ çəkilişlər aparıb, repotajlar hazırlayıb və həmişə də qərəzsiz mövqeyi ilə seçilib. Elə bu cür çəkilişlərin birində – 1995-ci il mayın 24-də qəfil güllə Fərhadın həyatına son qoyub. (1948-1995)

Oxşar Xəbərlər