Ermənistanda daxili vəziyyət artıq nəzarətdən çıxmaq ərəfəsindədir. Ermənistan silahlı qüvvələrinin döyüşlərdə aldığı zərbələr ölkə daxilində ictimai-siyasi vəziyyəti kökündən dəyişib.
Bunu “QİA.AZ”a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, artıq bu gün belə fikirlər səslənməkdədir ki, ya Ermənistanda növbəti inqilab baş verəcək, ya da ən azı saray çevrilişi reallaşacaq:
“Saray çevrilişini həyata keçirəcək qüvvələr timsalında isə məhz Ermənistanın hərbi elitasının adı çəkilir. Xüsusilə də Paşinyanın son zamanlar daxili qoşunların komandanı olan generalı vəzifədən qovması, milli təhlükəsizlik xidmətinin rəhbərinin işdən çıxarılması, bir çox generalların vəzifədən uzaqlaşdırılması, xüsusilə də Rusiyada təhsil almış erməni hərbçilərinin və generalların vəzifədən kənarlaşdırılması ilk növbədə ondan qaynaqlanır ki, Paşinyan özünə qarşı hərbi çevrilişin olacağından duyuq düşüb və önləyici addımlar atmaq istəyir.
Həm də bu günlərdə geniş informasiyalar yayılıb ki, Dağlıq Qarabağın özündən Ermənistana silah-sursat daşınır və bu silah-sursat Paşinyana yaxın olan qüvvələrlə, yəni Ermənistan erməniləri ilə Dağlıq Qarabağ klanına daxil olan ermənilər arasındakı mümkün toqquşmanı reallaşdırmaq üçün lazımdır.
Yəni Dağlıq Qarabağ klanı və bu klana daxil olan hərbçilər Dağlıq Qarabağdan silah-sursatı Ermənistana daşımaqla məşğuldular. Bu da onu göstərir ki, lap yaxın zamanlarda Ermənistanda hərbi qarşıdurma və yaxud da ki, silahlı qüvələrin hərbi üsyanı baş verə bilər.
Bu gün Ermənistan paytaxtının özündə də barrikadalar qurula bilər və səngərlər qazıla bilər. Səngərlərin bir tərəfində Ermənistan erməniləri, digər tərəfində isə Dağlıq Qarabağ klanına daxil olan ermənilərin dayanacağı ilə bağlı fikirlər çox geniş yayılıb və bu, mümkün hesab edilməkdədir”.