Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Toxumçular Birliyinin İdarə Heyətinin sədri Hacı Ömer Güler və Toxum Yetişdiriciləri Alt Birliyinin İdarə Heyətinin sədri Miktat Olgunun başçılıq etdiyi nümayəndə heyətləri ilə görüş olub.
QİA.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə AQTA sədrinin müavini Əziz Şərifov ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətlərini məlumatlandırıb.
Görüşdə daha sonra iki ölkənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı və toxumçuluq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. İdxal-ixrac prosesləri zamanı tənzimləmələrə dair fikir mübadiləsi aparılıb. Ölkəmizlə Türkiyə arasında həyata keçirilmiş toxum məhsullarının idxal və ixracı ilə bağlı statistik göstəricilər nəzərdən keçirilib, gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.