Vətən müharibəsinin iki hərbi təhsil ocağını medalla bitirən şəhidi

Apr6,2021

Evin altı övladının sonuncusu olan, 23 yaşında şəhidlik zirvəsinə ucalan Vətən müharibəsinin iştirakçısı Ənvər Nizam oğlu Əliyev döyüşlərdə cəsarəti, igidliyi ilə seçilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini gümüş medalla bitirən Ənvər Əliyev Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə hünər göstərib, ötən il oktyabrın 14-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra dövlətimizin başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

Ənvər Əliyev 1997-ci il iyun ayının 4-də Şərur rayonunun Axaməd kəndində anadan olub. Öz nizam-intizamı ilə seçilən Ənvər Axaməd kənd tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra 2012-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. Liseyin kursantları arasında çalışqanlığı, fəallığı ilə seçilib, fəxri fərman, medal, təşəkkürnamə və “İlin ən yaxşı kursantı” adına layiq görülüb, liseyi gümüş medalla bitirib.

Nümunəvi kursant olduğu üçün Ənvər 2015-ci ildə Türkiyənin Ankara şəhərindəki Quru Qoşunları Məktəbində təhsil almağa göndərilib. 2016-cı ildə Vətənə qayıdaraq təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2020-ci ilin may ayında həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2020-ci il iyul ayının 1-də Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb. Vətən müharibəsini ilk günlərindən döyüşlərdə iştirak edib. Canından çox sevdiyi torpaq uğrunda canından keçməklə şəhidlik zirvəsinə ucalıb.

Rauf Kəngərli

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər