Xaçmaz rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xaçmaz şəhəridir.
Tarixi
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936-1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir.
Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hun qəbilələri birliyinə daxil olmuş xaçmatak (xeçmatek) qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə Xaçmaz şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçüb getmiş və orada Xaçmaz adlı kənd və eyni adlı qala tikmişlər.
Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmişdir. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən “Qapıların Qapısı”, Dərbənd qapıları) istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır. V əsrdə Sasani padşahı Yezdəgirdin dövründə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdü. Skiflər, xəzərlər, savirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçmişdilər.
Rayonda 1999-cu ildə ilk bələdiyyə seçkiləri zamanı 61 bələdiyyə təşkil edilmiş, 2004-cü ilin seçkiləri zamanı isə bələdiyyələrin sayı 70 olmuşdur. 2004-cü ildə 2 şəhər, 2 qəsəbə və 66 kənd bələdiyyəsinə 572 nəfər üzv seçilmişdir. 2004-cü ildə Rusiya və Azərbaycan arasındakı hökumətlərarası razılaşmaya əsasən Rusiya Federasiyasının Dağıstan Respublikasına əvvəllər icarəyə verilmiş iki kənd, Xraxoba və Uryanoba kəndləri Xaçmaz rayonunun tərkibinə qaytarılmışdır.
Coğrafi mövqeyi
Xaçmaz rayon Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Samur-Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir. Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası, qərbdən Qusar və Quba rayonları, cənubdan Şabran rayonu, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Rayonun dəniz sərhəddi 70 km, Rusiya ilə sərhəddi 14 km təşkil edir. Rayon ərazisindən magistral avtomobil yolu və Bakı-Moskva dəmir yolu keçir.
Təbiəti
Xaçmaz rayonu ərazisində çox rast gəlinən ağaclardan biri olan Yulğun
Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir. Sahil suları balıqla (külmə, kilkə, şamayı və s.) zəngindir. Termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. “Gülalan gölü” qoruğu bu Cəmiyyətin nəzdindədir.
İqlimi
Xaçmaz rayonu üçün yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. Yanvarda orta temperatur 1-2 °C, iyulda 23-24 °C-dir. İllik yağıntıların miqdarı 300–400 mm-dir. Azərbaycanda çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisindədir.
Əhalisi
Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)Xaçmaz şəhəri – 35 094 nəfər (27.01.1999)Xudat şəhəri – 12 958 nəfər (27.01.1999)Müqtədir qəsəbəsiArzu qəsəbəsiDədəli kəndi
1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 162.100nəfərdir . Xaçmaz rayonunda 22 millət və xalqın nümayəndəsi vahid ailədə mehriban şəraitdə yaşayır .
Etnik qruplar | 2009 sa. |
---|---|
Cəmi | 159 245 |
azərbaycanlı | 115 811 |
ləzgi | 24 688 |
tat | 9 108 |
türk | 4 165 |
qrız | 3 540 |
rus | 643 |
kürd | 603 |
tatar | 131 |
yəhudi | 90 |
xınalıq | 36 |
talış | 36 |
ukraynalı | 28 |
digər | 366 |
İqtisadi xarakteristikası
Xaçmaz rayonu Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. 2003-cü ilə nisbətdə 2010-cu ildə rayonda ümumi məhsul buraxılışı 3,3 dəfə artaraq 300209,9 min manata, sənaye məhsulu 6,9 dəfə artaraq 32300 min manata, kənd təsərrüfatı məhsulu istehsalı 2 dəfə artaraq 138776,9 min manata, əsas kapitala investisiyalar 12 dəfə artaraq 45729,6 min manata, pərakəndə əmtəə dövriyyəsi 5,2 dəfə artaraq 205939 min manata, pullu xidmətlərin həcmi 8,6 dəfə artaraq 41554,5 min manata çatmışdır. Yerli büdcənin gəlirləri 912,5 min manatdan 8523,9 manata, xərcləri 4239,7 min manatdan 23717,7 min manata yüksəlmişdir. Bu dövr ərzində adambaşına pul gəlirləri 3,3 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artmışdır. 2003-2011-ci illərdə rayonda 15337 yeni iş yeri açılmışdır ki, bunun da 7749-u daimi iş yerləridir.
1 iyul 2011-ci il tarixə olan məlumata görə rayonda ümumi məhsul buraxılışı 109,6 milyon manat, sənaye məhsulunun ümumi həcmi 16,9 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 30,4 milyon manat təşkil etmişdir. Yarım il ərzində pərakəndə əmtəə dövriyyəsi 98,8 milyon manat, pullu xidmətlərin həcmi 19,1 milyon manat, əsas kapitala investisiyalar 30,2 milyon manat olmuşdur. Rayonun təsərrüfatlarında 5269 hektar sahədən 12429 ton taxıl (hər hektardan 23,6 sentner olmaqla), 2587 ton kartof, 10008 ton tərəvəz, 1613 ton meyvə yığılmışdır. 6 ayda 4114 ton ət (diri çəkidə), 18388 ton süd, 9,6 milyon ədəd yumurta, 174 ton yun istehsal olunmuşdur.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Xaçmazda 122 ümumtəhsil məktəbi, 24 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərir. Rayonda ənənəvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf etmişdir. Xaçmaz liseyində xalçaşünaslıq fakültəsi mövcuddur. Rayonda xalça muzeyi də fəaliyyət göstərir. Xaçmaz rayonunda mədəniyyət obyektlərinin çox geniş şəbəkəsi fəaliyyət göstərir. 12 muzey, 5 mədəniyyət evi, 66 kitabxana, 44 klub, 3 uşaq musiqi və incəsənət məktəbi, mədəniyyət və istirahət parkı və s. rayon əhalisinə xidmət göstərir. Bundan başqa rayonda 91 səhiyyə müəssisəsi, 2 özəl tibb klinikası var.
Son illər Xaçmaz və Xudat şəhər Mədəniyyət evləri, rayon Tarix-Diyarşünaslıq muzeyi əsaslı təmir edilmiş, Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları yaradılmışdır. Xaçmaz şəhərində Azərbaycan ədəbiyyatı, incəsənəti və elminin 40 nəfər dahi şəxsiyyətinin abidələrinin ucaldıldığı açıq səma altında Şəxsiyyətlər muzeyi fəaliyyət göstərir. Eləcədə rayonda Xalqlar Dostluğu muzeyi, Əziz Əliyev və akademik Zərifə Əliyeva muzeyləri, Rəsm Qalareyası yaradılmışdır.
Maddi-mədəni irsi
Xaçmazda 60-dan cox tarix və mədəniyyət abidəsi qorunub saxlanmışdır. Rayonun ərazisindəki ən qədim arxeoloji abidələr Sərkərli, Mollabürhanlı, Hülövlü, Qaracik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbildəndir. Çoxsaylı tarix və mədəniyyət abidələri var. Moruqoba, Qalağan, Uzunoba, Tağaroba kəndlərində XX əsrdə tikilmiş məscidlər, Qaraqurdlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılmışdır. Niyazabad limanı XVI əsrdən Azərbaycanın qonşu ölkələrlə əlaqələrin yaradılmasında mühüm rol oynamışdır. Xaçmaz rayonunun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri və məişət muxəlləfatı əşyaları aşkar edilmişdir.
Qədim qala-şəhərlərdən biri olan Xudat (Xudat sözünün mənası Allahın neməti (“Xuda” sözündən) deməkdir) Xaçmaz rayonunda yerləşir. XX əsrin əvvəllərində (1900-1903-cu illər) tikilmiş dəmir yol stansiyası və su qülləsi, Hacı Zeynalabdin Tağıyevin vəsaitinə 1900-1913-cü illərdə tikilmiş Şollar su anbarı və su kəməri də maraq doğururlar. Bu tikililər indi də texniki cəhətdən işləkdirlər.