Xocalı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocalı şəhəridir.
Rayonda 1 tibb müəssisəsi, 54 mədəniyyət ocağı fəaliyyət göstərmişdir.
Qonşu rayonlar
Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa.
Tarixi
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi −1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 24417 nəfər (1991-ci il). Azərbaycanlılar 12194 nəfər (2004-cü il), qeyriləri 12223 nəfər. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir.
10 noyabr 2020-ci il tarixdə imzalanmış atəşkəsə əsasən Xocalı rayonu müvəqqəti olaraq Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir.
Coğrafi mövqeyi
Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.
Əhali
Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)
2009-cu il, 15–22 aprel ümumölkə siyahıya almasına əsasən Xocalı rayonunun 26.047(12.751nəfər kişi, 13.296nəfər qadın) nəfər əhalisinin 7.711 (3.794 nəfər kişi, 3.917 nəfər qadın) nəfəri şəhərdə, 18.336(8.957 nəfəri kişi, 9.379nəfəri qadın) nəfəri iə kəndlərdə yaşamışdır .
Etnik qruplar | Cəmi | Kişi | Qadın |
---|---|---|---|
Cəmi | 26 047 | 12 751 | 13 296 |
azərbaycanlı | 13 028 | 6 454 | 6 574 |
erməni | 12 929 | 6 255 | 6 674 |
türk | 81 | 39 | 42 |
ləzgi | 5 | 2 | 3 |
rus | 4 | 1 | 3 |
Tarixi və mədəniyyət abidələri
Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356–1357-ci illər), ətafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var.
XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Burada çoxlu sayda “Qoç və yəhər” şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar- Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var.
Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid “Əsgəran qalası” mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2–3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları “Əsgəran qalası”nda aparılmışdır.
Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, “kilsəli” deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s. var.
Rayonun Kosalar kəndi ərazisində “Məhəmməd ağanın otağı” tarixi abidə, “Darılı Piri”, “Ələm ağacı” ziyarətgahları və daş qəbirlər var.
Rayonun Meşəli kəndi ərazisndə – Meydan yaylağında – müqəddəs ziyarətgah “seyid qəbri” (ermənilər tərəfindən dağıdıldı), “Yeddi kilsə” (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.
- Müqəddəs Tanrı anası kilsəsi — Çanaqçı kəndi
- Bakirə Məryəm kilsəsi — Çanaqçı kəndi
- Şoşqavəng monastırı — Xaçmaç kəndi
- Bovurxanavəng monastırı — Dağdağan kəndi
- Badara monastırı — Badara kəndi
- Oçkavəng monastırı — Badara kəndi
- Xilaskar monastırı — Badara kəndi
- Əsgəran qalası — Əsgəran qəsəbəsi
- Müqəddəs Georgi monastırı — Xanabad kəndi
- Aslan qalası – Xanabad kəndi
- Qaxaç qalası — Meşəli kəndi
Xocalının tarixi-mədəni abidələrinin siyahısı
- Daş qutu nekropolu – tunc dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
- Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
- Xocalı kurqanları — ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
- Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
- Kurqan — dəmir dövrü (Xankəndi yaxınlığında)
- Xankəndi kurqanları — tunc dövrü (Xankəndidən şimalda)
- Xaçıncay nekropolu — ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
- Küp qəbirləri nekropolu — tung dövrü (Armudlu kəndindən 2 km. İlis kəndinə tərəf)
- Kurqan — tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
- Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)
- Köhnə qəbristanlıq — tung dövrü (çanaqçı kəndi)
- Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)
- Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)
- Dairəvi məbəd — 1356–1357-ci il (Xocalı şəhəri)
- Türbə – XlV əsr (Xocalı şəhəri)
- Alban məbədi — 905-ci il (Şuşa kəndi)
- Alban məbədi — 1122-ci il (Xansıx kəndi)
- Alban məbədi — 1202-ci il (Armudlu kəndi)
- Qala – X əsr (Maşxmaat kəndi)
- Qırxlar qalası – orta əsrlər (Badara kəndi)
- Qala — IX əsr ( Daşbaşı kəndi)
Ermənilər tərəfindən dağıdılmış abidələr haqqında
Xocalı şəhərində 28 may, 1991-ci ildə keçirilmiş tədbirdə Xocalı rayonunun rəhbər işçiləri və fəalları (Onlardan çoxu Xocalı soyqırımı zamanı həlak olmuşlar).
Ermənistanın işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılmışdır. Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki “Seyid qəbri” və s. , 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi. 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılmışdır.
Görkəmli şəxsiyyətləri
Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, siyasi-iqtisadi inkişafı uğrunda ləyaqətlə çalışan görkəmli şəxsiyyətlər – xocalılar çoxdur.
- Ramil İdris oğlu Usubov – 1948-ci ildə Xocalıda anadan olmuşdur. O, Şuşa rayon Polis şöbəsi, Dağlıq Qarabağ Daxili işlər idarəsi rəisinin müavini, Əlibayramlı şəhər Polis idarəsinin rəisi, Naxçıvan Respublikası Daxili İşlər Naziri (2 dəfə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış idarəsinin rəisi, Respublika Pasport-viza idarəsinin rəisi işləmişdir. General-polkovnik rütbəsinə qədər ucalan R.İ.Usubov 1994-cü ildən Azərbaycan Respublikası daxili işlər naziridir.
- Elman Camal oğlu Məmmədov – 1950-ci ildə Xocalıda anadan olmuşdur. Uzun müddət Xocalı rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. O, 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir.
Erməni işğalçılarına qarşı fədəkarcasına mübarizə aparan 10 nəfər Xocalı rayon sakini Respublikanın ən yüksək fəxri adına – Milli Qəhrəman adına layiq görülmüşdür (9 nəfər ölümündən sonra):
- Mayor Əlif Lətif oğlu Hacıyev (ölümündən sonra) – 1953-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı şəhər hava limanın komendantı – rəisi işləmişdir.
- Tofiq Mirsiyab oğlu Hüseynov (ölümündən sonra) – 1954-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı şəhər Özünümüdafiə taborunun komandiri idi.
- Ələsgər Xanlar oğlu Novruzov (ölümündən sonra) – 1949-cu ildə anadan olub. Müəllim idi.
- Rüstəmov Füzuli Salah oğlu (ölümündən sonra) – 1959-cu ildə Xocalıda anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi.
- Səlimov Araz Bahadur oğlu (ölümündən sonra) – 1963-cü ildə Xocalıda anadan olmuşdur. Taborun üzvü idi.
- Həsənov Tabil Qasım oğlu (ölümündən sonra) – 1960-cı ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Kosalar kənd Özünümüdafiə taborunun üzvü idi.
- İsmayılov İnqilab Ələkbər oğlu (ölümündən sonra) – 1962-ci ildə Xocalıda anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi.
- Salahov Şakir Şamil oğlu (ölümündən sonra) – 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
- Əhmədov Natiq İlyas oğlu (ölümündən sonra) – 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
- Məmmədov Möhsüm Şahin oğlu – 1967-ci ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Hazırda Şuşa rayon Polis şöbəsinin rəis müavini işləyir.