IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” çərçivəsində Şirvan şəhəri Hacı Qəhrəmanlı qəsəbəsinin yaxınlığındakı meşə fondu torpağının 2 hektar ərazisində Nazirliyin əməkdaşlarının, IDEA İctimai Birliyinin nümayəndələrinin və könüllülərin iştirakı ilə 2500-dən çox göyrüş ağacı əkilib.
Bu barədə “QİA.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, yaz ağac əkini mövsümü başlayandan bugünədək respublikanın 120 hektar meşə fondu torpağında 150 mindən çox müxtəlif cinsli ağac əkilib, 2600 kiloqram toxum səpilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yaşıl Marafon” çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyası keçirilir və yaz, payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ