Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.Tədbirdən əvvəl konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
QİA.az AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata istinad ilə xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov konfransda mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, Dördüncü Sənaye İnqilabı ilə ayaqlaşmaq, biliyə və süni intellektə əsaslanan informasiya cəmiyyətinin formalaşdırılması, eləcə də insan kapitalına investisiya qoyuluşu dövlətimizin strateji hədəflərindəndir və bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir. Odur ki, 15 ölkənin elm adamlarının bir araya gəldiyi bu konfrans elmi platforma kimi olduqca əhəmiyyətlidir.Sonra Türkiyənin Atatürk Universitetinin dosenti İlhan Volkan Önerin “Tullantıların alternativ enerjinin alınmasında tətbiqi”, Bolu Abant İzzet Baysal Universitetinin professoru Himmet Karadalın “Türk dünyasında innovasiyaların və sahibkarlığın inkişafı”, İspaniyanın Qranada Universitetinin Genetika kafedrasının professoru Federiko Zurita Martinezin “CRISPR-Cas9. İnsan xəstəliklərinin müalicəsi üçün molekulyar qayçı”, ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiri professor Məntiq Cəfərovun “Elm, texnologiya və innovasiya üçbucağı davamlı inkişafın hərəkətverici qüvvəsi kimi”, ATU-nun doktorantı Kamran Qasımovun “Müasir dünyada süni intellektin rolu” başlıqlı məruzələri dinlənilib.İkigünlük beynəlxalq konfrans işini 11 istiqamət üzrə bölmələrdə davam etdirib. Konfransa 15 ölkə olmaqla 68 xarici, 15 yerli universitet, 10 elmi-tədqiqat institutu, 5 dövlət qurumu qatılıb, məcmuələr toplusuna 562 məqalə daxil olub ki, onların da 19 faizi xarici ölkələrin payına düşür.