“Mənim fikirlərim Rusiyada çox sayda insanın rəsmi KİV-də heç vaxt əksini tapmayan fikirlərdir. İnanın ki, rus xalqının, Rusiyada yaşayan başqa xalqların böyük əksəriyyəti həmişə sizin tərəfinizdə olub. Çünki biz haqq-ədalətin tərəfindəyik. Telekanalların səsi heç də Rusiyanın səsi demək deyil, bunu unutmayın”.
“QİA.AZ” xəbər verir ki, bu fikirləri Ermənistan ordusunun raket hücumlarından zərər çəkmiş Gəncə şəhərinə səfəri zamanı rusiyalı politoloq, jurnalist, ictimai xadim Maksim Şevçenko dilə gətirib.
O, gecə yarısı yuxuda olan dinc şəhərə Ermənistanın raket hücumunu terrorçuluq olaraq dəyərləndirib:
“Burada və ətraflarda heç bir hərbi infrastruktur da yoxdur, guya hədəfə aldıqları hava limanı isə şəhərdən uzaqdadır. Burada yalnız mülki sakinlərin öldürülməsi, vahiməyə salınması var. Lakin onlar tamamilə başqa nəticəyə nail oldular. Azərbaycan xalqı, onsuz da, doğma torpaqlarını qaytarmağa can atırdı, indi Şuşanı da, başqa torpaqları da azad edənlər həm də burada terror hücumlarından ölənlərin də əvəzinə vuruşub, onların da qisasını alıblar”.
Rusiyalı jurnalist Azərbaycanın qələbəsini həm də dünyada haqq-ədalətin qələbəsi kimi səciyyələndirib:
“Dünyada haqsızlıq saysız-hesabsızdır. İmperializm sərhədləri dəyişdirmək, iqtisadi dividendlər əldə etmək üçün insanların üstünə raket və bombalar atmağı, onları öldürməyi rəva görür. Siz isə insanın, insan həmrəyliyinin, cəsarətinin daha güclü olduğunu sübut etdiniz. Gəncə sakinlərinə dərin hüznlə başsağlığı verirəm. Və həmin o silahların Rusiya tərəfindən verilməsinə görə çox heyfslənirəm. Cənubi Qafqazın sülh diyarı olmasına çalışacağıq. Bunu dinc yolla etmək istərdik, amma görünür ki, müharibəsiz mümkün olmur. Ümidvaram ki, o raketlərin buraxıldığı yerdə olanlar özünə gələrlər, nə etdiklərini, öz ölkələrini, xalqı, bütün Qafqazı haraya sürüklədiklərini başa düşərək hönkürüb göz yaşı axıdarlar”, – deyən M.Şevçenko Qafqaza sülh və əmin-amanlıq arzuladığını vurğulayıb.