Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 125 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.
QİA.AZ xəbər verir ki, ANAMA-dan “Report”a verilən məlumata görə, daxil olmuş 127 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Boyadı, Əhmədağalı, Göyük, Hacılar, Paşabəyli, Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri və Hindarx qəsəbəsi, Ağdam rayonunun Orta Qərvənd, Əfətli, Evoğlu, Kolqışlaq, Mahrızlı, Mərzili, Mirəşelli, Zəngişalı kəndləri, Bərdə rayonunun Təhlə kəndi və S.Vurğun küçəsi, Beyləqan rayonunun Qəhrəmanlı, Milabad kəndləri, Füzuli rayonunun Əbdürrəhmanlı, Qarakollu kəndləri və 4-cü Zobcuq qəsəbəsi, Goranboy rayonunun Yenikənd, Tapqaraqoyunlu kəndləri, Tərtər rayonunun Azad Qaraqoyunlu, Düyərli, Ələsgərli, Əskipara, Güləbatlı, Hüsənli, Köçərli, Qaynaq, Qazyan, Yenikənd, Yuxarı Sarıcalı kəndləri, M.Hüseynov, E.Hüseynov, Ş.İ.Xətai, N.İsgəndərov, N.Nərimanov küçələri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 68 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 4 ədəd partlamamış hərbi sursat (PHS), 143 ədəd bombacıq, 212 ədəd tank əleyhinə mina, 96 ədəd tank əleyhinə minanın partladıcısı və 83 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 142 ədəd bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 3 ədəd PMN minası zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.