Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər ordumuzun gücünü bir daha dünyaya nümayiş etdirdi. Otuz illik erməni işğalına son qoyan bu ordu döyüş meydanında düşməni rəzil vəziyyətə saldı. Noyabrın 8-də tarixi Azərbaycan şəhəri olan Şuşanın işğaldan azad olunması demək olar ki, düşmənin belini qırdı. İki gün sonra Azərbaycan,
Rusiya və Ermənistanın liderləri tərəfindən üçtərəfli birgə bəyanat imzalandı. Bəyanatın doqquzuncu bəndi Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağı ilə bağlıdır. Həmin bənddə nəzərdə tutulur ki, muxtar respublikaya yeni dəhliz açılır, bütün nəqliyyat-kommunikasiya əlaqələri bərpa olunur və beləliklə, Naxçıvan anamız Azərbaycanla birləşir.
Bəs “Naxçıvan dəhlizi”nin yaradılması muxtar respublika və eləcə də
region üçün hansı perspektivləri vəd edir?
Mövzunu Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, politoloq Anar İbrahimovla müzakirə etmişik.
– Anar müəllim, üçtərəfli bəyanatın mahiyyətini necə şərh edirsiniz?
– Noyabrın 10-da imzalanan üçtərəfli bəyanata təkcə atəşkəs razılaşması kimi baxmaq olmaz. Bu bəyanat yalnız atəşkəsi, hərbi komponenti özündə birləşdirmir, geniş məna daşıyır və geniş spektorlu məsələlərin həllinə aiddir. Adətən, hərbi münaqişələrin yekunlarına dair imzalanan bu tip bəyanatlar, deklorasiyalar dar çərçivəli olur. İndiki məqamda bu bəyanatı
fərqləndirən cəhət odur ki, burada nəqliyyat- kommunikasiya dəhlizinin açılması və beləliklə, 30 il əvvəl kilid vəziyyətinə düşən bölgənin yenidən canlanması da nəzərdə tutulub. Bu da həm bölgənin özü, həm də tranzit daşımalar üçün əhəmiyyətlidir.
– Birgə Bəyanata Naxçıvanla bağlı bəndin əlavə olunması ölkə başçısının siyasi iradəsini nümayiş etdirir.
– Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi və inkişafı məsələsi daim ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olub.
Dövlət başçısının diqqət və qayğısı sayəsində qədim diyarda ərzaq və enerji təhlükəsizliyi təmin olunub, silahlı qüvvələrin muxtar respublikada yerləşən hissə, birləşmə və bölmələrinin maddi-texniki bazası gücləndirilib. Bu gün Naxçıvan blokada şəraitində yaşamasına baxmayaraq, inkişaf və tərəqqi tarixi yazır. İmzalanan birgə bəyanata ölkə başçısının təşəbbüsü ilə Naxçıvanla bağlı müddəanın salınması cənab İlham Əliyevin muxtar respublikaya göstərdiyi davamlı diqqəti ifadə edir. Çünki nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunması təkcə Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirməyəcək, həm də muxtar diyarın inkişafına təkan verəcək.
– Yeni nəqliyyat əlaqələrinin bərpa edilməsi ilə Naxçıvan mühüm nəqliyyatkommunikasiya mərkəzlərindən birinə çevriləcək. Bu, Naxçıvanda sosial-iqtisadi vəziyyətin inkişafına necə təsir edəcək?
– Nəqliyyat əlaqələrinin yenidən bərpa edilməsi birmənalı şəkildə müsbət nəticələr verəcək. Ona görə ki, istənilən iqtisadi təşəbbüs, sosial sahədə inkişaf, alternativlər, rəqabət, həmin bölgənin iqtisadi həyatında müəyyən dəyişikliklər yaradır. Bildiyiniz kimi, Naxçıvanda uzun müddət dəmir yolu nəqliyyat şəbəkəsi Ermənistan tərəfindən məhdudlaşdırılaraq iflic hala salınmışdı. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin təşəbbüsü nəticəsində bəyanata əlavə edilən maddə ilə bu nəqliyyat yolunun bərpası işlərinə başlanılacaq. Nəqliyyat yolunun bərpa edilməsi yeni iş yerlərinin açılması, eyni zamanda beynəlxalq layihələrin Naxçıvan üzərindən reallaşması deməkdir.
Yeni iş yerlərinin açılması təbii ki, sosial faktordur və əhalinin sosial inkişafında mühüm rola malikdir. Yeni dəhliz yerli biznesə də geniş
imkanlar açacaq. Dəmiryolu nəqliyyatının açılması yüklərin ucuz daşınmasına imkan verəcək. Muxtar respublikanın uzun müddət quru və eyni zamanda dəmir yolu nəqliyyatı imkanlarının olmaması istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasında çətinliklər yaradırdı. Açılacaq yeni dəhliz həmçinin muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarını da genişləndirəcək, Naxçıvan məhsulları daha rahat və ucuz dünya bazarına çatdırılacaq.
Sirr deyil ki, əvvəllər paytaxtımızdan və digər ərazilərimizdən Naxçıvana gediş-gəliş nə qədər zaman və maddi sərfiyyat hesabına başa gəlirdi. Lakin bu dəhliz yüklərə və insanlara həm ucuz, həm də qısa zamanda mənzil başında olmağa imkan verəcək. Bundan başqa, muxtar respublikamız bu nəqliyyat dəhlizi vasitəsilə işğaldan azad edilmiş rayonlarımızın yenidən qurulmasına öz töhfəsini verə biləcək.
– Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun yenidən bərpası Naxçıvan dəhlizinin yaradılmasında hansı rolu oynayacaq?
– Bildiyiniz kimi, həmin dəmir yolunun inşası 1940-cı illərdə İkinci dünya müharibəsi ərəfəsində başa çatdırılmışdı. Bu, o vaxt geosiyasi bir layihə idi. SSRİ bu nəqliyyat yolu ilə İrana çıxışını əldə edirdi. Məlum hadisələrdən sonra ermənilər işğal altındakı ərazilərdə yerləşən dəmir yollarını məhv etmiş, metallom kimi satmışdılar. Qarabağdakı tarixi qələbəmizdən sonra dəmir yolu infrastrukturu yenidən qurulur. Ötən ay ölkə başçısı cənab İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak etdi. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük
töhfə verəcək.
Lalə Allahverdiyeva