Asəf Zeynallının anadan olmasından 115 il ötür

Apr5,2024

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının doğum günüdür. Onun anadan olmasından 115 il ötür.

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ilin bu günü, yəni aprelin 5-də Dərbənddə doğulub. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir.

Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi. Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır.

“Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edir.Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib.

1929–1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib.

Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olub. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoyub.

Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparmışdır.

“İbtidai not savadı” adlı dərslik tərtib etmişdir.

O, həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələmiş, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu.

Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.

O, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır.

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə 23 yaşında yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat edib.

Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır. 

Oxşar Xəbərlər