Noyabrın 14-də Baş prokuror Kamran Əliyev Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Türkiyənin müxtəlif siyasi partiyalarını və bölgələrini təmsil edən millət vəkillərinin də iştirak etdiyi nümayəndə heyətini qəbul edib.
QIA.AZ bildirib ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Baş Prokuror, Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin bölgədə sabitləşdirici amilə çevrilməsi nəticəsində bölgə üçün və dünya üçün böyük əhəmiyyət daşıyan enerji, nəqliyyat layihələrinin həyata keçdiyini qeyd edərək bu uğurların təməlində iki ölkə arasında əsrlər boyu olan dostluq-qardaşlıq münasibətlərinin dayanmasını diqqətə çatdırıb.
Baş Prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirmişdir ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.
Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə “Skad” və “Smerç” tipli raketlərdən Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə və əhalinin sıx yaşadığı digər iri şəhərlərinin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Mingəçevir SES, Oğuz-Qəbələ-Bakı su kanalının atəşə məruz qalması barədə məlumat verilərək bunun Ermənistanın terrorçu təəfəkkürünün təzahürü olduğu vurğulanıb.
Kamran Əliyev bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə qadağan edilmiş raket qurğusundan Azərbaycanın mülki dinc əhalisinin atəşə tutulması nəticəsində ümumilikdə 93 nəfər həlak olmuş, 410 nəfər yaralanmış, 3410 yaşayış evinə, 120 çoxmərtəbəli binaya və 512 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan “Asala” və “PKK-PYD-YPG” terror təşkilatlarına aid bir qrup şəxslərin iştirak etmələri müəyyən edilmiş, həmin şəxslərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanılıb.
Baş Prokuror, Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada iştirakının Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandığını bildirərək, Türkiyənin bölgədə sülhün bərqərar olmasında xüsusi rolunun əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Hakan Çavuşoğlu ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib.
Hakan Çavuşoğlu ölkələrimiz arasında tarixən mövcud olan dostluq-qardaşlıq münasibətlərinin iki ölkə rəhbərinin apardıqları uğurlu siyasət naticəsində bugün ən yüksək pilləyə qalxdığını və bundan sonra da bu münasibətlərin daim yüksələn xətlə inkşaf edəcəyinə əminliyini ifadə edib.
Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri bir millət, iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib və Azərbaycanı hər zaman olduğu kimi dəstəklədiyini qeyd edib.
Hakan Çavuşoğlu Ermənistan tərəfindən törədilmiş terror aktları nəticəsində həlak olan şəxslərə görə Türkiyə xalqının baş sağlığını çatdıraraq, yaralanmış şəxslərə şəfa diləyib.
Qonaq Türkiyənin Dağlıq Qarabağda sülhmərəmlı missiyadan qürur duyduğunu və bu missiyanın davamlı sülhün bərqərar olmasına öz töhvəsini verəcəyini bildirib.
Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu səfərin məqsədlərindən söz açaraq bildirib ki, rəhbəri olduğu nümayəndə heyyəti 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində münaqişə zonasından kənarda yerləşən bölgələrimizdə həlak olmuş və yaralanmış şəxslər, ziyan dəymiş evlər və mülki infrasktruktur obyektləri ilə bağlı, həmçinin birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş şəxslərin hüquqlarının pozulması və onlara dəymiş ziyanlarla bağlı hesabatlar hazırlayacaqlar.
Tədbirdə nümayəndə heyyətinin digər üzvləri də çıxış edərək, Türkiyə xalqının daim Azərbaycanı dəstəklədiyini qeyd etməklə, missiyaları çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş cinayət hadisələri üzrə obyektiv həqiqəti dünyə ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdıracaqlarını vurğulayıblar.
Görüşdə həmçinin iki ölkə arasında ikitrəfli hüquqi əməkdaşlıq, ekstradisiya, hüquqi yardım və digər maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb.
Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyyəti mülki əhalimizə qarşı törədilmiş cinayətlərlə yerində tanış olmaq məqsədi ilə Gəncə şəhərinə yola düşüb.
Hazırda nümayəndə heyyətinin səfəri davam edir.