Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 251 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 5 müraciət daxil olub.
ANAMA-dan “QİA.AZ”a verilən məlumata görə, daxil olmuş 251 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 106 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 46 ədəd partlamamış hərbi sursat (PHS), 2 574 ədəd piyada əleyhinə mina, 906 ədəd tank əleyhinə minanın partladıcısı və 295 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 7 ədəd partlamamış hərbi sursat (PHS), mexaniki minatəmizləmə qrupu tərəfindən 7 ədəd PMN minası zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Agentliyin minaaxtaranı 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çoxsaylı qəlpə yaraları alıb.