“Biz beynəlxalq müstəvidə böyük işlər apardıq və mən öz çıxışlarımda xalqa bu barədə kifayət qədər məlumat vermişdim. Bu gün, müharibə başa çatandan sonra və hətta müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gördü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik”.
“QİA.AZ”ın xəbərinə görə, bunu noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində deyib.
“BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 1993-cü ildə qəbul edilmişdir. Amma ondan sonra biz BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar, qətnamələrini qəbul etdirərək münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdıq. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq. Eyni zamanda, iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı haqqında açıq ifadələr var. Bu, bizim böyük uğurumuzdur. Çünki uzun illər ərzində biz buna nail ola bilməmişdik. Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər. Bəzi beynəlxalq təşkilatlar işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan işğalçı dövlət kimi göstərilmədi. Orada “erməni qüvvələri” yazılmışdı”, – dövlət başçısı əlavə edib.