Dünya Güləş Birliyi (UWW) U-15 Avropa çempionatının yekun protokolunda Azərbaycan təmsilçiləri ilə bağlı kobud səhvə yol verib.
Bu barədə “QİA.az”a Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.
Bildirilib ki, rəsmi sənəddə yunan-Roma güləşçilərinin adları sərbəst güləş üzrə iştirakçıların da siyahısında göstərilib: “Halbuki AGF UWW-yə sərbəst güləş yarışları üçün iştirak ərizəsi göndərməyib. Ona görə də heç bir texniki məğlubiyyətdən söhbət gedə bilməz. Bu anlaşmazlıqla bağlı UWW-yə rəsmi şəkildə müraciət etmişik. Yəqin ki, bu yanlışlıq tezliklə aradan qaldırılacaq”.
AGF onu da vurğulayıb ki, 14 – 20 iyunda Bolqarıstanın Samokov şəhərində keçiriləcək Avropa çempionatı yeniyetmə pəhləvanların 2020-ci ildən qatılacaqları ilk rəsmi yarış olacaq. Həmin qitə birinciliyində hər 3 güləş növü üzrə yığma komandalar çıxış edəcək.
Qeyd edək ki, U-15 Avropa çempionatında Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) gümüş medal qazanıb.