Erməni təcavüzü Kolumbiya mətbuatında

Dek16,2020
Erməni təcavüzü Kolumbiya mətbuatında

Kolumbiyanın nüfuzlu KİV-lərindən olan “El Nuevo Siglo” qəzetində Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, son hərbi qarşıdurmalar, ordumuzun apardığı uğurlu əməliyyatlar və 10 noyabrda imzalanmış atəşkəs bəyanatı barədə Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi dərc olunub.

QİA.AZ Reporta istinadən bildirib ki, səfir müsahibədə Ermənistanın Azərbaycana qarşı Sovet İttifaqının son illərindən başlayan ərazi iddiaları, 1991-94-cü illərdə Dağlıq Qarabağ və ətraf rayonlar olmaqla beynəlxalq qaydada tanınmış ərazilərimizin 20 faizini işğal etməsi və burada qondarma, separatçı rejim yaratması, etnik təmizləmə apararaq 1 milyon azərbaycanlını öz yurdlarından qovması, işğalçı dövlətin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və həmin əraziləri dərhal azad etməsini tələb edən qətnamələrin tələblərinə məhəl qoymaması və Minsk qrupu çərçivəsində aparılmış danışıqlarda qeyri-konstruktiv mövqe tutması, 2018-ci ildə Ermənistanda milliyətçi qüvvələrin və Nikol Paşinyanın iqtidara gəlməsindən sonra bu ölkənin Azərbaycana qarşı təcavüz meylləri və təxribatçı addımlarının artması, 27 sentyabrdan etibarən Ermənistan ordusunun mülki azərbaycanlı əhaliyə qarşı hücumlar həyata keçirməsi haqda məlumat verib.

Ay yarım davam edən hərbi əməliyyatlar dövründə üç dəfə əldə olunmuş humanitar atəşkəs rejiminin Ermənistan tərəfindən Azərbaycanın münaqişə ərazisindən kənarda yerləşən iri şəhərlərinə ballistik raket zərbələri endirməsi ilə pozulduğunu deyən səfir bu hücumların 100-ədək mülki insanın həlak olması, 400-dən çox insanın yaralanması ilə nəticələndiyini, buna baxmayaraq Silahlı Qüvvələrimizin BMT qətnamələrinin icrasına nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün apardığı əks-hücum əməliyyatları nəticəsində işğalda olan ərazilərimizin xeyli hissəsini azad etdiyini bildirib.

O, qeyd edib ki, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş naziri tərəfindən imzalanmış atəşkəs bəyanatının tələblərinə əsasən, Ermənistan ordusu Azərbaycanın işğalda qalan ərazilərindən çıxarılıb, atəşkəsə nəzarət üçün bölgədə Rusiya sülhməramlı qüvvələri yerləşdirilmiş və bəyanatın tələblərinin icrasına nəzarət məqsədilə burada Rusiya və Türkiyənin iştirakı ilə birgə monitorinq mərkəzi yaradılmaqdadır.

Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının regionda sülhün yeganə formulu olduğunun ölkəmiz tərəfindən dəfələrlə ifadə edildiyini deyən səfir, hazırkı şəraitdə bölgədə iki xalqın barışıq içində yaşaya bilməsi üçün zəruri şərtlərin yaradılmalı olduğunu, burada yaşayan ermənilərin də Azərbaycan qanunlarına riayət etməsi gərəkdiyini qeyd edib.

Azərbaycanın qələbəsindən sonra İran və Türkiyə ilə geosiyasi duruma dair sualla bağlı səfir İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, işğal olunmuş ərazilərin azad edilməsi ilə birlikdə İranla 170 km-lik dövlət sərhədinin bərpa edilməsi ilə iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığını söyləyib. Türkiyənin də öz növbəsində regionda olduqca vacib rola malik olduğunu, Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəd olan yeganə ölkə olduğunu, ölkələrimiz arasında etnik, tarixi və mədəni baxımdan sıx yaxınlıq olduğunu, regionda hər iki ölkənin iştirakı ilə qlobal əhəmiyyətli enerji və infrastruktur layihələrinin həyata keçirildiyini, münaqişənin gedişatında isə Türkiyənin sadalanan məqamlardan daha çox məhz beynəlxalq hüququn fundamental prinsiplərinə tərəfdar olduğu üçün Azərbaycanı dəstəklədiyini qeyd edib.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti ilə bağlı suala münasibətdə səfir Kolumbiyanın münaqişədə hər zaman beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini, bu ölkənin parlamenti tərəfindən ərazilərimizin işğalı və dinc əhalimizə qarşı törədilmiş Xocalı soyqırımını qınayan sənədlər qəbul edildiyini, hazırda iki ölkə arasında müsbət siyasi dialoqun mövcud olduğunu, iqtisadi-ticari əlaqələrimizin də inkişafı üçün ciddi potensial olduğunu, bu xüsusda kənd təsərrüfatı, turizm, təhsil və mədəniyyət sahələrində birgə layihələr üzərində işləndiyini bildirib.

Oxşar Xəbərlər