Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib.
“QİA.AZ” xəbər verir ki, Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadıb. Halbuki 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmələri üçün cəmi 10 saat vaxt vermişdi, buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək, daha 10 gün gözləməyə razılaşıb.
Şübhəsiz ki, Azərbaycan tərəfi bu qərarı qəbul edərkən Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Həmçinin nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur.
Qərarın qəbulu bir daha sübut edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Azərbaycan Ordusu hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasını təmin edir.
Təəssüf ki, Azərbaycanın humanist yanaşması fonunda, ermənilər Kəlbəcərdə evlərə və meşələrə od vurmaqda davam edir, ərazidə əsl ekoloji terror törədilir və bu barbarlıq xarici KİV-in və dünya ictimaiyyətinin gözü qarşısında baş verir.