“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu birbaşa demir, ancaq o, Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır. Ermənistanın baş naziri Paşinyan da onu imzalayıb. Bunu heç kim dəyişdirməyəcək”.
“QİA.AZ” xəbər verir ki, bunu Ermənistan birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparityan BBC-yə müsahibəsində deyib.
“Qarabağ məsələsi bir neçə komponentdən ibarətdir. Onlardan ən başlıcası atəşkəs elan olunduqdan bəri beynəlxalq ictimaiyyətin bizə Qarabağın müstəqilliyini tanımadığını söyləməsidir. Bu müddətdə Rusiya, Türkiyə, İran, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünə əsaslanan variantlar təklif edib. Son 30 ildə bizə bunu açıq-aydın deyirdilər. Nəzərə almalıydıq ki, zaman keçdikcə Azərbaycan hərbi güc və ehtiyatlar nöqteyi-nəzərdən daha da güclənir. Razılaşmaya gedən yol nə qədər uzanırdısa, müharibənin olması da bir o qədər yaxınlaşırdı və bu müharibəni qazanmaq şansımız da azalırdı”, – J.Liparityan bildirib.
O, Levon Ter-Petrosyanın komandasının sülh müqabilində rayonların böyük hissəsini geri qaytarmaq və status məsələsini sonraya saxlamaq üçün fürsət yaratmaq istədiyini qeyd edib.
“Ancaq sonrakı administrasiyalar ərazilərin geri qaytarılmasının yalnız status – yəni Azərbaycan tərəfinin Qarabağın müstəqilliyini tanınması və ya heç olmasa referendum kimi müstəqilliyə gedən yol təmin etməsi müqabilində ola biləcəyinə qərar verdi. Paşinyan administrasiyası danışıqların açıq şəkildə yalnız yeddi rayonun geri qaytarılmasını nəzərdə tutan və status məsələsinə heç bir şəkildə aydınlıq gətirməyən səhv postulatlara əsaslandığına qərar verdi.
Paşinyan gələcək statusun dəqiq şəkildə başa düşülməsinin vacibliyinə, bu olmadan da Azərbaycanın mövqeyini ciddiyə ala bilməyəcəyinə və danışıqların mənasız olduğuna israr etdi, çünki Azərbaycan ərazi bütövlüyündə israrlı idi. Belə olan halda o, belə nəticəyə gəldi ki, əvvəlcə status barədə razılığa gəlmək lazımdır və bunun üçün müharibə lazımdırsa, müharibə də olacaq və biz qazanacağıq.
Bu, son 25 ildə Ermənistan tərəfinin məntiqi idi və indi səhvlərin nəticəsini görürük. Özü də böyük səhvlərdir. Müharibənin gedişatını ətraflı müzakirə etmək mənə maraqlı deyil. Bu müharibə zamanı texniki, logistik və strateji problemlər açıq-aydın göründü. Ancaq bunsuz da bu müharibəni öncəkində olduğu kimi asanlıqla qazana bilməyəcəyimiz aydın idi.
İndi Ermənistanın Baş Qərargah rəisinin bəyanatından öyrənirik ki, müharibənin artıq dördüncü günü o, bu barədə baş nazirə xəbərdarlıq edibmiş”.
Onun sözlərinə görə, müharibədən əvvəl də başqa səhvlər buraxılmışdı: “Ermənistan tərəfi Azərbaycana və Türkiyəyə qarşı təxribat xarakterli bir sıra tamamilə lazımsız addımlar atdı. Məsələn, Qarabağın gələcək statusunu müzakirə edərkən Azərbaycan öz həllini təklif edir: “Qarabağ Azərbaycandır”. Bu, beynəlxalq ictimaiyyətin mövqeyidir. Belə bir məqamda biz deyirik: danışıqları unudun, Qarabağ Ermənistandır və nöqtə! Başqa bəyanatlar da var idi”.
J.Liparityan azərbaycanlıların bölgəyə qayıdacağını və Azərbaycan hakimiyyətinin bu sayın maksimum çox olması üçün hər şeyi edəcəyini bildirib: “Bizdə soydaşlarımızın, Qarabağ ermənilərinin geri dönməsini istəyirik. Bəs onlar bu cür Qarabağa qayıtmağa hazır olacaqlarmı? Qarabağ ermənilərinin kütləvi dönüşü olmazsa, o zaman Qarabağın bundan sonrakı statusu barədə müzakirəyə belə ehtiyac yoxdur. Putin və digər dünya liderləri Qarabağın statusunun müəyyənləşdirilmədiyini dedikdə, Qarabağın müstəqilliyinin mümkün olduğunu nəzərdə tutmurlar. Onlar artıq bunun mümkün olmadığını, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyiblər”.
“Bu, bizim (ermənilərin – red.) həyat strategiyamızdır – xəyal qurmaq. Ancaq xəyal qurmaq strategiya deyil. İnsanlar istədiklərini onlara verilməli olanla qarışdırırlar. Heç kim sizə nəsə verməməlidir. Sizə ala biləcəyiniz şeylər verilir. Hansısa müharibədə qələbəyə ümid bəsləmək reallıqla deyil, miflərlə yaşamaq deməkdir. Biz reallığı qəbul etmək istəməmək, gerçəkliyi rədd etmək və onu xəyallarımızla əvəz etmək metodlarını inkişaf etdiririk. Bunu sənətə çevirmişik.
Məğlub olmağa və onunla barışmağa alışmışıq. İndi nə desələr də, tarixən məğlubiyyətlərə alışmışıq, qələbələrə alışıq deyilik. Hətta qələbəmizi də məğlubiyyətə çevirdik. Xəyalların və mümkünsüzlərin ardınca qaçdıq və əldə edə biləcəyimiz şeyləri itirdik”, – o vurğulayıb.