Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı müraciəti, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq idarəsi tərəfindən cavablandırılıb.
“QİA.AZ”ın məlumatına görə, komitə Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan ordusu tərəfindən başlanmış hərbi təxribatlara cavab olaraq, genişmiqyası hərbi əməliyyatlarla başlanılan 27 sentyabr tarixindən, dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına Ermənistanın müharibə cinayətləri haqda dəfələrlə müraciət və bəyanatlar ünvanlayıb.
Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə evin dağıdılması və əmlaka ziyan vurulması, Ermənistan tərəfindən əsir götürülən Azərbaycan hərbçiləri ilə qeyri-insanı rəfdar, işgəncə faktları və s. haqda aidiyyətli beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib.
Həmin təşkilatlar sırasında – Beynəlxalq Cinayət Məhkəməsi, BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsinə, Avropa Şurasının İnsan Hüquqları Komitəsi, Beynəlxalq Qırmızı Xaç Komitəsi və s.beynəlxalq insan hüquqları təşkilatları yer alıb.
Müraciətlərdə Ermənistanın Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozması faktlarla əsaslandırılıb. Ermənilərin hərbi cinayətlərinin beynəlxalq hüquq əsasında ən ciddi şəkildə araşdırılması yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib.
Müraciətlərdə həmçinin, Komitə tərəfindən Azərbaycanda müvafiq strukturların, hüquq-mühafizə orqanlarının Ermənistanın hərbi cinayətləri ilə bağlı əldə etdiyi faktlar, sənədlər və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcəyi də ifadə edilib.
Bu günlərdə, mənzil qərargahı Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Prokurorluq idarəsinin “Məlumat və Sübutlar Şöbəsinin” müdiri Mark Dilon tərəfindən, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca cavab məktubu göndərilib.
Məktubda Mark Dilon Azərbaycandan daxil olan sənədi aldıqlarını təsdiq edərək, onun baxılması üçün Beynəlxalq Cinayət Məhkəməsnin Prokurorluq idarəsinin kommunkasiya reyestrinə daxil edildiyini bildirib. Sənədə, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun (Əsasnaməsinin) müddəalarına uyğun olaraq, müvafiq qaydada baxılacağı vurğulanıb. Sənədə baxılıb müvafiq qərar çıxarıldığı zaman, yazılı olaraq qərarla bağlı Azərbaycan parlamentinin İnsan hüquqları komitəsinin sədrinin məlumatlandırılacağı da qeyd edilib.