Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, deputatlar Naqif Həmzəyev, Pərin Kərimzadə və Müşfiq Cəfərov yaralı əsgər və hərbçilərə baş çəkiblər.
“QİA.AZ”ın məlumatına görə, onlar yaralılarla söhbət edib, səhhətləri, habelə istək və arzuları ilə maraqlanıblar.
N.Bayramov deyib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycan əsgərləri böyük şücaət nümayiş etdiriblər: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Məhz Azərbaycan əsgərinin əzmi sayəsində düşmən məğlub edildi, Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan geri qaytarıldı. Bu zəfər Azərbaycan əsgər və zabitlərinin həyata keçirdikləri uğurlu hərbi əməliyyatlar nəticəsində qazanılıb. Azərbaycan artıq təkcə hərbi sahədə deyil, eyni zamanda diplomatiya, siyasət sahəsində də qalib ölkədir”.
Hərbçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə böyük əzm və qətiyyətlə iştirak etdiklərini bildirib, bundan sonra da Ali Baş Komandanın yanında olacaqlarını söyləyiblər.
Onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən əsgərləri qazanılan tarixi qələbə münasibətilə bir daha təbrik edib, onlara tezliklə sağalıb evlərinə dönmələrini arzulayıblar.
Bundan əlavə, 44 günlük Vətən müharibəsi dövrü və sonrasında yaralı hərbçilərin sağlamlığının bərpası üçün gecə-gündüz dayanmadan çalışan tibb işçilərinə də təşəkkür ifadə olunub.