“Mən bu məsələ ilə məşğul olan vasitəçilərə dəfələrlə demişdim ki, siz buna diqqət yetirin. Siz indi bu məsələnin sülh yolu ilə həll olunmasından danışırsınız. Amma biz bunun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdılır, bizim bütün tarixi-mədəni irsimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilir. Ermənistan xarici dillərdə nəşr etdiyi kitablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən işğal olunmuş bütün torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak edərkən də eyni hərəkətləri edirlər. Yaxşı, bəs, necə olacaq, siz deyirsiniz ki, bu, sülh yolu ilə həll ediləcək”.
“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.
Dövlət başçısı qeyd edib: “İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur. İndi Kəlbəcər rayonunu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, öz vəhşiliklərini göstərirlər. Bütün beynəlxalq aparıcı media qurumları bunu lentə alır və dünyaya yayır, biabır edir onları. Onlar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağımızda duruş gətirə bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurduq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik. Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı”.