“Bu gün Ermənistan vətəndaş müharibəsinin astanasındadır. Bu, həmişə məhz insanların gözündən pərdə düşəndə baş verir”.
Bunu “Report”a israilli politoloq Yuri Boçarov deyib.
“İndiki halda böyük və yenilməz Ermənistan haqqındakı mif yenidən zibil yeşiyinə atıldı, gorbagor oldu. Müharibədəki məğlubiyyətdən sonra minlərlə ölən əsgər şəklindəki insani drama mənəvi travma – Ermənistan tərəfindən imzalanan kapitulyasiya sənədi və ermənilərin Azərbaycan torpaqlarından çıxarılması da əlavə olundu. Artıq köhnə işğalçılar qaçqınlar şəklində özləri ilə xaos və yeni dağıntılar gətirəcək. Bunların hamısı açıq şəkildə hakimiyyət uğrunda mübarizəyə səbəb olacaq. Yaxşı olar ki, parlament vasitəsi ilə bu baş versin. Amma əhalinin və müxtəlif hərbiləşdirilmiş qrupların əlində bu qədər silah olduğunu nəzərə alsaq, çətin ki, hər şey dinc yolla həll oluna”, – politoloq bildirib.
Eyni zamanda, ekspert toqquşma ehtimalını istisna etmir, çünki Ermənistanda artıq imzalanmış razılaşmanı yenidən nəzərdən keçirmək və hətta ümumiyyətlə ləğv etmək çağırışları var.
“Odur ki, sülhməramlıların və elə Azərbaycanın silahlı qüvvələrinin azad edilmiş ərazilərdə görəcəyi çox iş var. Buna görə də yaxın perspektivdə Ermənistanda vəziyyət getdikcə daha da pisləşəcək və bütün bunlar Azərbaycanla bağlanılacaq. Axı uğursuzluqları ört-basdır etmək üçün həmişə xarici düşmənə ehtiyac var. Paşinyanın mənsub olduğu marionet rejimi altında hadisələrin fərqli istiqamətdə inkişaf etməsi mümkün də deyildi. Hətta Nominal lider, hətta qanuni yolla seçilmiş olsa da, sponsorlarına nəzər yetirmədən ölkə üçün taleyüklü qərarlar verə bilməz”, – o söyləyib.
Y.Boçarov iddia edir ki, Paşinyan uzun müddət Qərblə Rusiya arasında get-gəl edib və sonda tamamilə uğursuzluğa düçar olub.
“Düşünürəm ki, məsələ heç istefaya qədər çatmayacaq və o, sadəcə, qaçacaq. Sual yaradan məsələ budur ki, hara? Rostov-Dona, yoxsa Vaşinqtona? Hərçənd hadisələr həm orada, həm də burada ondan narazı olduqlarını göstərir. Onun yerinə kimin gələcəyi və Ermənistanın hara gedəcəyi də önəmlidir. Regionda çox şey bundan asılı olacaq. Ancaq bu, sabah olmayacaq. Hələlik isə Azərbaycan bir neçə dəfə qanuni ərazilərini və bölgədə qurmaq istədiyi sülhü qorumalı olacaq”, – politoloq fikrini tamamlayıb.