Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Azərbaycanın bankçılıq missiyası işgüzar səfər çərçivəsində ABŞ-ın Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası (MTBA) ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) AZƏRTAC-a bildirilib ki, görüşdə MTBA tərəfindən ABŞ bankları ilə müxbir bank əlaqələrinin qurulması sahəsində ən yaxşı təcrübələrə dair praktiki sessiya keçirilib. Həmçinin iştirakçılarla ticarətin maliyyələşdirilməsi, ABŞ-ın bank sektorunda yeni inkişaf trendləri və maliyyə sektorunun gündəmində olan digər mühüm mövzular üzrə müzakirələr aparılıb.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, Azərbaycan bankçılıq missiyasının növbəti görüşləri ABŞ Xəzinədarlıq Departamentində keçirilib. Mərkəzi Bankın sədri Taleh Kazımov qeyd edib ki, xəzinədarlıq katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə məhsuldar müzakirələrdə iştirak edib.

“Görüşlər zamanı Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət tədbirlərini nəzərdən keçirdik, makroiqtisadi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib”, – deyə T.Kazımov vurğulayıb.

Oxşar Xəbərlər