“Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Göstərdik ki, heç kim bizim iradəmizin qabağında dura bilməz. Eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik. Biz beynəlxalq hüquqa hörmətimizi göstərdik. Baxmayaraq ki, mənfur düşmən üçün heç bir mənəvi çərçivə yoxdur, heç bir mənəvi dəyər yoxdur. Amma mən demişdim ki, biz özümüzü onlar kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq”.
“QİA.AZ” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
“Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük. Qanunsuz məskunlaşma, şəhərlərimizin adlarının dəyişdirilməsi, Azərbaycanın tarixi, mədəni, dini irsinin silinməsi. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və şirkətlər onlara bu sahədə yardım etmişdilər. Bizim torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. Bu gün bu barədə də danışacağıq, artıq müvafiq göstərişlər verildi. O şirkətlər məsuliyyətə cəlb olunacaq. Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq”, – dövlət başçısı deyib.