Prezident: “Onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaqdır”

Noy 20, 2020
Prezident: "Onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaqdır"

“Mən nə üçün bu barədə danışıram?! Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar münasibətlər qurulsun”.

“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, hər halda, biz bunu istəyirik: “Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı etnik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq.

Biz onların şəhərlərini dağıtmamışıq, halbuki dağıda bilərdik. Şuşanı götürəndən sonra Xankəndini dağıtmaq nə böyük problem idi. Bir gün ərzində dağıda bilərdik. Biz etdikmi bunu? Yox. Amma onlar nə günə saldılar bizim şəhərlərimizi. Ona görə bizim erməni xalqı ilə problemimiz yoxdur. Bir daha demək istəyirəm ki, vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı. Azərbaycanda minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox. Azərbaycan vətəndaşları kimi normal yaşayırlar. Əminəm, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir”.

Oxşar Xəbərlər