Azərbaycan ictimaiyyəti noyabrın 10-da sülhməramlı sözü ilə yenidən rastlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşnyan arasında imzalanan bəyanatla cəbhədə atəşkəs elan edildi.
Həmin bəyanata əsasən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Rusiyanın sülhməramlı kontingenti daxil oldu.
Sülhməramlı, yaxud “göy dəbilqəli” ifadəsi yenidən aktuallaşdı. Bu baxımdan sülhməramlı missiyanın fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istərdik.
BMT-nin sülhməramlılları Təhlükəsizlik Şurasının qərarı ilə silahlı münaqişənin qarşısının alınması və ya onun tənzimlənməsində iştirak edir. BMT-nin Nizamnaməsinə uyğun olaraq bu güclər üzv ölkələrin hərbi qüvvələri hesabına formalaşdırılır.
Bundan başqa, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən NATO, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və başqalarının da sülhməramlıları fəaliyyət göstərir. Ancaq qaydalara görə onlar BMT Təhlükəsizlik Şurasının mandatı üzrə fəaliyyət göstərməlidir.
Belə qüvvələr ilk dəfə 1948-ci ildə Kəşmir və Fələstində görünüblər. BMT-nin “mavi dəbilqəliləri” indiyədək sülhü dəstəkləmək məqsədi ilə 71 əməliyyat keçirib.
1988-ci ildə BMT-nin sülhməramlılarına Nobel Sülh Mükafatı verilib.
Yeri gəlmişkən, 1995-ci ildə BMT-nin sülhməramlıları Bosniyaya yeridiliblər. Qurumun “təhlükəsizlik zonası” elan etdiyi və “göy dəbilqəlilərin” qoruduğu əraziyə soxulan serb silahlıları 1995-ci il iyulun 11-dən iyulun 13-dək 8 372 bosniyalı müsəlmanı soyqırıma məruz qoyub. BMT həmin hadisəni sonralar soyqırım olaraq qəbul edib.