Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb.
Bu barədə “QİA.AZ”a Azərbyacan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, Şuşamıza aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq AAYDA-nın canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir.
Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.
Qeyd edək ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101,5 km, yolun ümumi eni isə 37,7 m təşkil edəcək.
Yeni avtomobil yolunun əsas hissəsinin eni 21,5 m olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.