ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlıların iştirakı ilə Vətən müharibəsində böyük Qələbəmiz münasibətilə şəhərinin mərkəzi küçələrində avtoyürüş keçirilib.
QİA.AZ bildirib ki, “Report”un yerli bürosu xəbər ki, yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillər çevrədəkilərin diqqətini cəlb edib. Yerli vətəndaşlar həmvətənlərimizi təbrik edib, onları alqışlayıblar. ABŞ polisi yürüş ərzində avtomobil karvanını müşayiət edib. Yürüşün sonunda həmvətənlərimiz “Old Baku” (Köhnə Bakı) restoranında toplaşıblar.
Azərbaycan icmasının üzvü Elnur Ələkbərov və Esmira Əskərovanın təşkilatçılığı ilə baş tutan görüşdə həmvətənlərimiz vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlarda Azərbaycandan minlərlə kilometr uzaqda olmalarına baxmayaraq daima ürəklərinin Vətənlə döyündüyünü, “Vətən müharibəsi”nin hər dəqiqəsini ölkəmizdə olan soydaşlarımız qədər həyəcanla izlədiklərini dilə gətiriblər
Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli, vitse-prezidenti Zəminə Mirhadıyev da çıxışlarında ABŞ icmasının ötən müddət ərzində və bundan sonra da, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün birlik içində fəaliyyətlərini davam etdirəcəklərini deyiblər. İcma üzvləri ölkə başçısı İlham Əliyevə dəstəklərini ifa edib, ona tarixi qələbənin əldə edilməsində göstərdiyi əzm və iradəyə görə minnətdarlıqlarını ifadə ediblər.