“Naxçıvan Xəbərləri” Media Qrupunun baş redaktoru, gənc jurnalist Seyfur Hacımuradovun “Azərbaycan haqq savaşında” sərlövhəli məqaləsi xarici ölkələrin mətbuat orqanlarında işıq üzü görüb.
“QİA.AZ” xəbər verir ki, həmin məqalə Rumıniyada yeganə türkdilli qəzet kimi fəaliyyət göstərən “Balkan gazetesi”ndə, Gürcüstanın “Gaxe.ge” saytında, qardaş Türkiyənin “Halkın gazetesi”, “Alternatif gazete”, “Yeşil İğdır gazetesi”, “15 Temmuz gazetesi”, “Haber flaş”, “İğdırım76”, “İğdır doğuş gazetesi” və İran İslam Respublikasının “Sharhonline” İnformasiya Agentliyində oxuculara təqdim edilib.
Məqalədə qeyd olunub ki, sentyabrın 27-dən başlayaraq Ermənistan ordusu cəbhə xətti boyunca Azərbaycanın mülki əhalisinin yaşadığı şəhər və kəndləri növbəti dəfə şiddətli şəkildə atəşə tutub. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə şanlı Azərbaycan Ordusu düşmənin müharibə cinayətlərinin qarşısını almaq üçün həmin gün əks-hücum əməliyyatına başlayıb. Ordumuz qarşısında tap gətirə bilməyən düşmən canlı itkilər verərək, yaralı və texnikalarını döyüş meydanında qoyaraq qorxaqcasına qaçıb. Yaşayış məntəqələrimizin bir-birinin ardınca düşmən tapdağından azad edilməsi ilə birlikdə “yenilməz erməni ordusu” mifi də darmadağın edilib.
Müəllif yazır: “Bu gün Azərbaycanda güclü dövlət-ordu-xalq birliyi vardır. Məhz bu birlikdən doğan güc sayəsində torpaqlarımız bir-birinin ardınca işğaldan azad olunur. Azərbaycan xalqı Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandanına inanır, Qələbə xəbərini səbirsizliklə gözləyir. Bu gün “Qarabağ Azərbaycandır!” şüarı hər bir azərbaycanlının dilində qürurla səslənir”.
Məqalədə vurğulanıb ki, ordumuz qarşısında davam gətirə bilməyən düşmən müharibə cinayətlərini davam etdirərək silahını dinc əhaliyə çevirib. Azərbaycanın ən böyük ikinci şəhəri Gəncədə törətdikləri terror aktları bu xain xisləti bir daha ortaya qoyub. Ümumilikdə, sentyabrın 27-dən bu günə qədər Ermənistan ordusunun raket zərbələri nəticəsində onlarla mülki şəxs qətlə yetirilib, yüzlərlə şəxs yaralanıb.
Müəllif qeyd edib ki, qorxaq düşmən cəbhədə Azərbaycan əsgəri qarşısında dayana bilmir. Canını qurtarmaq üçün yalan informasiyalar yayır, dünya birliyini çaşdırmağa çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində isə beynəlxalq aləmdə erməni yalanları ifşa edilir. Hazırda dünyanın bir çox ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni qəsbkarlığını qınayır.