“44 gün davam edən, lakin əsrlərə bərabər salnamələr yaradan Böyük Vətən müharibəmiz informasiya cəbhəsində də müxtəlif blindajlar, yayındırıcı və maskalanmış örtüklər altında gizlənən düşmən qüvvələri görməyə imkan verdi”.
QİA.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.
“Milyonlarla vətəndaşımız uzun illər onların qəlbini və beynini işğal edən, bununla da torpaqlarımızın əsarət altında qalmasını sürdürməyi bacaran psixoloji-mənəvi-siyasi erməniçiliyin də mahiyyətini daha yaxşı dərk edə bildilər, hərbi dillə desək, uca strateji yüksəkliklərə qalxaraq döyüş meydanını aydın nəzərlərlə görməyi bacardılar.
Bəli, mən və yaxın çevrəmizdə olan onlarla ideya adamı düşmənin qaranlıq hücrələrdə necə gizləndiyini, Azərbaycanı caynağında saxlamaq üçün hansı mənfur planlar hazırladıqlarını yaxşı bilirik. Hər gün işimizlə, təhlillərimizlə və dövləti, milləti göz bəbəyi kimi qoruyan zəkamızla erməniləri- təkcə bir millətin adı deyil-həm də ölkəyə qəsd edənlərin ümumiləşdirilmiş obrazıdır-narahat edirik, onların qurduqları tələləri qırırıq, açdıqları atəşi zərərsizləşdiririk.Əslində xalqımıza güllə atan düşmən birdir-istər səngərdə olsun, istərsə də klaviatura arxasında”.
Ona görə də bütün şüurlu həyatımızı həsr etdiyimiz milli idealların, on illər ərzində can və ruh varlığımızı köçürdüyümüz dövlətçilik məfkurəsinin ziddinə olaraq, hətta ən adi məntiqin tələblərinə uyğun gəlməyən, bir zərbə ilə ovxalanıb tökülən makulatura sözləri Markın divarında, yaxud digər platformalarda adımıza yazıb tirajlayan düşmən 44 günlük Zəfər Mücadiləmizdə hər gün dünyaya yalan danışan Harsrun Ovanisyanla eyni cərgədədir, onun ssenarisinə uyğun hərəkət edir və indi yüz illik müharibəni uduzduqlarını görüb Azərbaycanın bəzən məlumatsız və səmimi inanclarla yaşayan insanları çaşdımaq üçün böhtan və şər yayırlar.
Keçməz. Gecdir. 30 ildir qurduğunuz siyasi istehkamlar da dağıldı. Cəsur əsgər və zabitlərimizin Füzulidə, Cəbrayılda, Zəngilanda, bir sözlə tapdaq altında olan bütün ərazilərimizdə qazıb gizləndiyiniz yuvalarda başınıza yağdırdığı atəşi bütün mübarizə meydanlarında görəcəksiniz.
Zəifsiniz, çünki bizim uca göylərdən pilotlu kamikadzelərimiz sizi yaxşı görür və 20 noyabrda Ağdamı tərk etməyə məhkum olan məğlub dəstəniz kimi siyasət ərazilərimizdən də çıxmaqda davam edəcəksiniz.
O üzdən vətənsevər qardaş və bacılarımız bilsin-düşməniniz düşmənim, dostunuz çiyinlərimizdə olan milllətimizdir!
Biz Qalibik!”, – o qeyd edib.