HƏR ŞEYƏ RƏĞMƏN SIĞORTA – statistika pandemiya fonunda belə artıb

Yan5,2021
HƏR ŞEYƏ RƏĞMƏN SIĞORTA - statistika pandemiya fonunda belə artıb

2020-ci ildə iqtisadiyyatda ümumilikdə azalan statistika fonunda sığorta sektorunun nəticələri pandemiyadan yaralanan Azərbaycanın maliyyə sisteminin “ruhu” üçün məlhəm kimi görünür. Fərqli mənbələrdən gələn və sektorun fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən statistika, hər halda, kifayət qədər nikbin-müsbətdir.

2020-ci ilin təkcə 9 ayı ərzində Azərbaycanın sığorta şirkətlərinin xalis mənfəətinin artımı artıq 5%-ə, gəlirləri 27%-ə, sığorta haqları 11%-ə çatıb. Azərbaycan Mərkəzi Bankının (AMB) son məlumatlarına görə, ölkənin sığorta sektoru 2020-ci ilin 11 ayında əvvəlki ilin eyni dövrünə nisbətən 8,7% artıb – 21 sığorta şirkəti təxminən 700 milyon manat məbləğində sığorta haqqı toplamağa müvəffəq olub. Eyni zamanda, ödənişlərin həcmi 55,2% artıb.

Təbii ki, sığorta şirkətlərinin dünya iqtisadiyyatı üçün olduqca çətin keçmiş 2020-ci ili necə artımla başa vurmağı bacardığını bilmək maraqlıdır, çünki obyektiv olaraq bu sektor belə ümidlər oyatmırdı…

Sığortaçıların özlərinin fikrincə, tənzimləmə funksiyalarının Azərbaycan Mərkəzi Bankına verilməsi sektorun xeyrinə olub. AMB-nin bazarın stimullaşdırılmasına və canlandırılmasına yönəlmiş inkişaf strategiyası isə 2019-cu ildəki uğursuzluqları geridə qoymağa yardım edib.

11 ay ərzində könüllü və icbari sığorta növləri üzrə mükafat artımının nisbəti duruma müəyyən aydınlıq gətirir: müvafiq olaraq 10,7% və 4,5%. Eyni zamanda, birinci qrupun miqdarı ikinci qrupdan iki dəfə çoxdur: müvafiq olaraq 462,4 milyon manat və 206,5 milyon manat.

Keçən il bazarda həm mükafatların, həm də ödənişlərin çoxu sığortalanmanın həyat sığortası, tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növlərinin payına düşüb. Bu da anlaşılandır, çünki pandemiya zamanı onların aktuallığı daha da artıb. Üstəlik, bəzi şirkətlər mövcud vəziyyətə vaxtında reaksiya verərək bazara yeni məhsul – COVID-19-a qarşı sığorta çıxarıb, özü də kifayət qədər əlverişli şərtlərlə. Müştərilər də olduqca tez tapılıb: koronavirusdan evdə müalicə almaq bəzən xəstəyə baha başa gəlir və belədə sığorta xərclərin bir hissəsini ödəməyə yardım edir.

Mükafat daxılı isə həm də daşınmaz əmlakın icbari sığortası hesabına dolmağa davam edir. 2019-cu ildə onun ətrafdakı vəziyyət anlaşılmazlıq və ajiotaj yaratsa da, sonda hədəfə çatıldı, bu tip sığorta kütləvi xarakter almağa başladı. Buna görə də sektor üçün sabit gəlir mənbəyi halına gəldi.

QİA.AZ Reporta istinadən xəbər verir:

– Karantin şəraitinə və onunla əlaqədar iqtisadiyyatda yaranan səngimələrə baxmayaraq, bu il Azərbaycanın sığorta bazaranın statistikası ümidvericidir. Müsbət nəticələrə əsas nə səbəb olub və bu tendensiyanı qoruyub saxlamaq olacaqmı?

– Doğru qeyd edirsiniz. 2020-ci ilin əvvəlindən etibarən COVID-19 pandemiyası ölkəni və dünyanı öz cənginə aldı. Proqnoz edildiyi kimi bu, dünya iqtisadiyyatlarında bir çox klassifikasiyalara olduğu kimi Azərbaycanda da müxtəlif sektor və seqmentlərə neqativ təsir etdi. Bu neqativ təsir sığorta sektorundan da yan ötmədi. Bəzi sığorta növləri üzrə yığımlarda azalma və hətta dayanma müşahidə olundu. Lakin ümumi göstəricilərə baxsaq şahidi olarıq ki, ümumi yığımlarda artım təmin olundu. Yəni Azərbaycanın sığorta bazarı pandemiyanın daha genişmiqyaslı zərərlərindən yan keçə bildi. Bu da heç şübhəsiz təsadüfi deyil. Çünki bu gün Azərbaycanda sağlam iqtisadi inkişaf modeli mövcuddur və gözlənilən daxili və ya xarici şoklara, eyni zamanda, digər neqativ elementlərə qarşı vaxtında priventiv addımlar atılır.

2020-ci ilin 11 ayı üzrə ümumi sığorta yığımları 668.9 milyon manat, həyata keçirilən ödənişlər isə 391.4 milyon manat həcmində olub. Sığorta bazarı üzrə açıqlanan bu kimi icmal göstəricilərindəki real artım dinamikası onu göstərir ki, artıq əhalidə, yəni mövcud və potensial sığortalı kontingentində sektora olan konspiroloji və konservativ yanaşma tədricən dəyişir, vətəndaşlarda sığortaya inam formalaşır.

Lakin indiki məqamda sığorta bazarı ilə bağlı növbəti il üçün proqnoz vermək bir qədər ehtiyatsızlıq olar. Çünki hadisələr gözlənilməz olaraq baş verir. Gələcək daxili və xarici şokları ehtimal etmək və ya bunun yaradacağı pozitiv və ya neqativ nəticələri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Biz ümid edirik ki, Qarabağımızın işğaldan azad edilməsi və vətəndaşlarda sığortaya olan inamın tədricən bərpa olunması səbəbilə yerli sığorta bazarı növbəti ildə də cari artım tendensiyasını qoruyub saxlaya bilər.

– İcbari sığorta bazarında əmlakın icbarı sığortasının payı artıbmı?

– Çox önəmli bir istiqamətə toxundunuz. Bəli, bu gün sevinc hissi ilə deyə bilərik ki, icbari sığorta sinfinə aid “Daşınmaz əmlakın icbari sığortası” növü əhəmiyyətli dərəcədə bazar aktivliyi əldə edib. Bu da adı çəkilən növ üzrə hələ ötən ilin sonundan etibarən başlayan geniş təbliğat və maarifləndirmə işlərinin uğurlu nəticəsidir.

Mövcud vəziyyəti real rəqəmlərlə təhlil etsək müsbət tendensiyanın əyani şahidi ola bilərik. Qeyd edim ki, 2020-ci ilin 11 ayının göstəricilərinə görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 38.6 milyon manat sığorta haqqı təmin olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6.5 milyon manat çoxdur. Qeyd olunan dövr üzrə həyata keçirilən sığorta ödənişləri isə 3.7 milyon manat təşkil edib. Daha bir statistikaya görə isə, 2020-ci ilin 11 ayı ərzində sığorta şirkətləri tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə bağlanan yeni müqavilə sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artıb.

Çünki bu istiqamətdə ötən ilin sonunda başlanan təbliğat işi həmin zaman müddəti ilə məhdudlaşmadı. Müvafiq yöndə cari ildə daha geniş təbliğat və maarifləndirmə işləri apardıq. Xüsusilə də Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü ilə yaradılan “Ekspert qrupu”nun üzvləri bu gün də təbliğat və maarifləndirmə işində aktiv iştirak etməkdədirlər.

Hesab edirik ki, 2021-ci il ərzində “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə mövcud olan bir qism boşluqlar da doldurulsa bu növ üzrə penetrasiyanı 2 və ya 3 dəfəyə yaxın artıra bilərik.

– Pandemiyanın Azərbaycanın sığorta bazarına təsiri konkret olaraq hansı seqmentdə daha çox hiss edilir?

– Mövcud pandemiya və karantin rejimi sığorta bazarına bir çox istiqamətdə öz təsirini göstərdi. Bu həm neqativ, həm də pozitiv elementlərlə müşayiət olundu. Neqativ təsirlər ondan ibarətdir ki, bəzi sığorta növlərinin alıcılıq qabiliyyəti zəiflədi və həmin növlər bazar aktivliyini bu və ya digər formada itirmiş oldu. Buna əyani misal olaraq məhz səfər sığortasını göstərə bilərik. Karantin qaydaları səbəbilə sərhədlər bağlı olduğu üçün bu növ sığorta işləkləyini itirdi. Paralel olaraq digər bir qism sığorta növlərin bazar aktivliyi də karantin qaydalarının tətbiq edildiyi ilk günlərdə müvəqqəti olaraq durğunluq yaşadı.

Lakin yerli sığorta bazarı iştirakçıları karantin qaydalarının tələb etdiyi yeni şərtlərə və dəyişən müştəri davranışlarına adekvat fəaliyyət strategiyasına keçid etdi. Sığortaçılar bu xidmətin məsafədən də uğurla icra edilə biləcəyini isbat etdi. İnformasiya texnologiyalarının təklif etdiyi üstünlüklərdən maksimum şəkildə yararlanmaqla fiziki təmas olmadan sığorta əməliyyatları aparılmağa başlandı. Bu da pandemiya dövrünün digər xidmət sektorları ilə yanaşı sığorta bazarına qazandırdığı müsbət vərdiş oldu.

Fikrimcə, 2021-ci ildə tam elektronlaşma və avtomatlaşdırmanın təmin olunması ilə sığortada onlayn xidmət yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

– Pandemiya şəraitində bazarda koronavirusla bağlı sığorta məhsulu təklif olunmağa başladı. Bu məhsula olan maraq və tələbat gözləntiləri qarşılayırmı? Rəqəmlərlə ifadə etsək, bu məhsul bu ilin sığorta bazarının gəlirlərindəki payını necə qiymətləndirmək olar?

– Bildiyiniz kimi xidmət sektoru bütün hallarda dövrün tələbini və zamanın şərtlərini mütləq şəkildə nəzərə almalıdır. Bu nüans sığorta xidmətlərinə də aiddir. Bu mənada mən “Paşa Sığorta” Şirkətinin “COVID Yardım”, “Atəşgah Həyat” Sığorta Şirkətinin “Antikoronavirus”, “Qala Həyat” Sığorta Şirkətinin «COVID-19» kimi sığorta məhsullarını misal göstərmək istəyərəm. Bu sığorta məhsulları da məhz elə dövrün tələb və şərtlərinə adekvat olaraq formalaşdırıldı və təqdim edildi. Hazırda bu mahsullar bazar aktivliyi ilə seçilir. Proqnozlaşdırıldığı kimi sığortalılar tərəfindən yüksək tələblə qarşılanır.

Hər bir dövrün öz spesifik şərtlərinə uyğun olaraq riskləri var. Və bu risklər qaçılmaz olsa da o riskin yaratdığı fəsadlar bərpaolunmaz deyil. Mövcud zaman şərtlərində risklərin yaratdığı neqativ nəticələrin bərpası üzrə ən uğurlu mexanizm isə sığortadır. Çünki sığorta heç zaman köhnəlməyən və bütün zamanların ən eleqant dəbidir.

Oxşar Xəbərlər